USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiyadan öncə alınan aviabiletlər geri qaytarılacaqmı? - VİDEO

12.05.2020 İqtisadiyyat
0 0
Koronavirusla bağlı sərhədlərin bağlanması artıq bir müddətdir ki, avirareyslərin təxirə salınmasına səbəb olub. Pandemiyadan əvvəl bilet alan bəzi vətəndaşlar isə ödədiyi vəsaiti tam şəkildə tələb etsə də, ala bilmirlər.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Şikayətçi – (Səs yazısı): "2019-cu il yayında İzmir istiqamətinə gediş-dönüş bilet almışam. 110 manat ödəniş edilib. Biletin geri qaytarılması və dəyişdirilməsi üçün rəsmi şəkildə müraciət etdim. Qeyd etdilər ki, biletlər qaytarılmır və ya dəyişdirilmir".

Şikayətçi – (Səs yazısı): "Müqavilədə belə bir qeyd var ki, fors-major hallarda tərəflər heç biri məsuliyyət daşımır, ödənilən məbləğ tam şəkildə geri qayıdır. Amma təəssüf ki, məbləği geri almaq üçün müraciət etdiyimizdə bunun mümkün olmadığını dedilər".

Ekspertlərin sözlərinə görə, sərnişin daşınması 2 tərəf arasında imzalanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə uçuşun bütün şərtləri göstərilir. Əgər tərəflərin iradəsindən asılı olmayan səbəblərdən aviareys ləğv olunarsa, bu zaman müqavilə ləğv olunmalı və aviaşirkət ödənilmiş məbləği sərnişinə geri qaytarmalıdır.

Samir Qasımov – Vəkil: "Misal üçün, indiki halda bu karantinə görə, ölkədən uçuşlar, ölkəyə uçuşlar ləğv olunduğu üçün uçuşu həyata keçirmək, daşımanı həyata keçirmək mümkün deyil. Belə halla üzləşən sərnişinlər müraciət etməlidir həmin aviaşirkətə. Həmin şirkətlər də sərnişinin daşınmaya görə ödədiyi məbləği geri qaytarmalıdır".

Bu arada, Azərbaycan Hava Yolları aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını açıqlayıb. Belə ki, 2020-ci ilin 10 mart tarixindən 31 may tarixinədək uçuş dövrünü əhatə edən "AZAL" və "Buta Airways" aviaşirkətlərinin biletləri ödənişsiz yenidən dəyişdirilə bilər.

Rəhman Quliyev – Turizm eksperti: "Əgər bugünki gündə 300 manata bilet alımısızsa, növbəti ilə qədər, yəni uçuş gününün növbəti 12 ayının bitdiyi müddətə qədər siz həmin 300 manat məbləğində biletinizi dəyişə bilərsiniz. Yəni təbii ki, həmin istiqamətə olan bilet həmin 300 manat olacaqsa və yaxud bir qədər artıq ola bilərsə, yəni onun təbii ki, əlavəsini ödəyəcək".

Alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer təklif edilir.

Rəhman Quliyev – Turizm eksperti: "Deyək ki, 500 manat dəyərində pul ödəyib. Vauçer sistemində belə bir qayda var ki, həmin 500 manat məbləği istəsə bir neçə hissəyə bölə bilər. Məsələn Bakı - Tbilisi və Bakı - Tehran ucuz istiqamətdir. Yəni sərnişin bu 500 manatı bölüb hər iki istiqamətə uça bilər".

Sərnişin təklif olunan şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, biletlərin tam dəyərini növbəli şəkildə qaytara bilər. Uçuş tarixi 2020-ci ilin 31 may tarixindən sonraya təsadüf edən aviabiletlər isə həmin biletlərin alışı zamanı sərnişin tərəfindən seçilən tariflərin qaydalarına əsasən dəyişdirilir və geri qaytarılır. Bu halda da, vəsaitin qaytarılması, aviaşirkətin normal fəaliyyəti bərpa edildiyi vaxtdan 60 gün sonra həyata keçiriləcək.

  • Əvvəlki

    Səudiyyə nəhənginin xalis mənfəəti 25 faiz azaldı

Digər xəbərlər