USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

STAR təyyarə yanacağını dizellə niyə əvəzlədi?

18.06.2020 İqtisadiyyat
0 0
Koronavirus pandemiyası bir çox məhsullara tələbatı kəskin azaltdı, tibbi ləvazimatlar, qoruyucu və dezinfeksiyaedici məhsullara isə tələbatı əhəmiyyətli şəkildə artırdı. Bu isə bir çox şirkətləri, istehsal müəssisələrini alternativ addımlar atmağa, yeni tələbata uyğun istehsal həyata keçirməyə vadar etdi.

Pandemiyanın ən çox təsir göstərdiyi sahələrdən biri də hava nəqliyatıdır. Hava nəqliyyatı ilə daşımaların kəskin aşağı düşməsi nəticəsində təyyarə yanacağına tələbat azalıb. Nəticədə neft emalı zavodları istehsal növlərində dəyişiklik etməyə başladı.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən STAR Neft Emalı Zavodunda da təyyarə yanacağı istehsalından dizel yanacağına keçirildi. İllik təyyarə yanacağı istehsalı 1,7 mln. ton təşkil edən STAR zavodunun sahib olduğu texnologiya istehsal çevikliyini təmin edib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban xatırladıb ki, SOCAR-ın Türkiyədəki sərmayəsi olan STAR Neft Emalı Zavodu layihələndirilən zaman avtomobil yanacağı, benzin istehsalı nəzərdə tutulmayıb, bu zavodda əsasən təyyarə yanacağı və dizel istehsalı nəzərdə tutulmuşdu:

"Bu ilin mart ayında dövlətlər təyyarə reyslərini tamamilə ləğv etdi, ölkələr arasında gediş-gəliş üçün hava məkanı bağlandı. Təbii ki, bu zaman da bir sual ortaya çıxdı. Əgər təyyarə yanacağı istehsal edilir və bu məhsulun satışı həyata keçirilmirsə, deməli, bir neçə gündən sonra rezervuarlar dolacaq. Bu halda istehsalın mənası nədir? Təbii ki, istər-istəməz bu məhsulun istehsalı dayandırılacaq. Bunun üçün də qərara alındı ki, STAR Neft Emalı Zavodu ümumiyyətlə, aviakerosinin, təyyarə yanacağının istehsalını dayandırsın və oradakı emal prosesini tamamilə dizel yanacağının üzərinə yönəltsin".

Ekspert deyib ki, dizel yanacağını müxtəlif sahələrdə istifadə etmək mümkündür.

Onun sözlərinə görə, bu yanacaq əsasən kənd təsərrüfatı sahəsində, gəmilərdə, o cümlədən də avtomobillərdə istifadə edilir:

"Təbii ki, bu sahələrdə bu yanacağa tələbat azalsa da, ancaq istifadəsi mümkündür. STAR Neft Emalı Zavodunun rəhbərliyinin açıqlamalarında bildirilib ki, dizel yanacağı həm də neft-kimya sənayesinə yönəldilir və orada ondan xammal kimi istifadə edilir. Biri var, heç bir əlavə dəyər əldə etməyəsən, biri də var ki, müəyyən qazancın olsun".

Ümumiyyətlə, STAR rəhbərliyinin açıqlamasında bildirilmişdi ki, neft emalı zavodu və neft-kimya müəssisəsi inteqrasiya şəklində çalışdığına görə, əlavə olaraq alınan neft-kimya xammalı "Petkim"ə göndərilir və orada istifadə olunur. Bu isə pandemiya dövründə əlavə dəyər yaradır.

Xatırladaq ki, 2018-ci il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

  • Əvvəlki

    AB Krıma görə Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı

Digər xəbərlər