Valyuta ehtiyatımız 43,4 milyon dollar azalıb

04.09.2018 Bank
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı avqust ayında 0,8% və ya 43,4 milyon ABŞ dolları azalıb. Hazırda valyuta ehtiyatının həcmi 5 milyard 503 milyon 500 min dollara bərabərdir.

"Kommersant.az" xəbər verir ki, azalmanın 2 əsas səbəbi var.

Birinci səbəb dolların avqust ayında valyuta ehtiyatı səbətində olan digər valyutalara, xüsusən də avroya münasibətdə bahalaşmasıdır. Avro valyuta ehtiyatlarımızda dollardan sonra ikinci ən böyük çəkiyə malik valyutadır və payı illər üzrə bir qayda olaraq 30-40% intervalında dəyişir. Avqust ayında avronun dollara nəzərə 0,9% ucuzlaşması nəticəsində valyuta ehtiyatı təxminən 14-20 milyon dollar itirib. Səbətə daxil olan digər valyutalarda də dollara münasibətdə eyni səviyyədə ucuzlaşıb və bu itkinin həcmini bir qədər də artırır.

Ucuzlaşmaya ikinci səbəbi böyük ehtimalla avqust ayında dollara tələbatın kəskin artması fonunda AMB-nın banklara valyuta dəstəyi (məsələn, swap) olub.