"Atabank"ın səhmdarlarının yeni pay bölgüsü açıqlanıb - ALIŞOV PAYINI SATIB

04.06.2018 Bank
"Atabank" ASC-nin ötən il "Caspian Development Bank" ASC ilə birləşdikdən, nizamnamə kapitalı 2,4 dəfə artırılaraq 120,02 milyon manata çatdırıldıqdan və "Ata Holdinq" MMC-nin tərkibindən "Synergy Group" MMC-nin tərkibinə keçdikdən sonra səhmdarlarının pay bölgüsü açıqlanıb.

"Kommersant" xəbər verir ki, bu barədə Bankın maliyyə hesabatında bildirilir.

Hazırda "Synergy Group" "Atabank"ın səhmlərinin 86%-nə nəzarət edir. Şirkətlər qrupu "Ata Holdinq"in 76%-lik payını, eləcə də Bankın digər səhmdarları - Əşrəf Kamilovun ("Synergy Group"un 99%-lik səhmdarı, "Ata Holdinq"İn Müşahidə Şurası sədrinin I müavini) payının 6,6%lik hissəsini, Mahir Rəfiyevin payının isə 3,4%-lik hissəsini əldə edib.

Son nəticədə adı çəkilən fiziki şəxslərin "Atabank"dakı müvafiq olaraq 15,9%-dən 9,3%-ə və 8,1%-dən 4,7%-ə düşüb.

Daha bir maraqlı məqam odur ki, vaxtilə "Caspian Development Bank"da cüzi pay sahibi olan Həsən Cəfərov və İbrahim Alışov (Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) "Atabank"ın səhmdarları arasında yoxdur. Başqa sözlə, adı çəkilən şəxslər konsolidasiya prosesi çərçivəsində paylarını satıblar.