USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milyardlar gətirəcək Naxçıvan dəhlizi nə zaman açılacaq?

30.12.2020 İqtisadiyyat
0 0
Vətən savaşında qazandığımız qələbənin və nəticədə imzalanan üç tərəfli sazişin ölkəmiz üçün əsas faydalarından biri də Naxçıvan dəhlizinin açılmasıdır. Artıq bu dəhlizin ölkədə və regional miqyasda hansı faydalarının olacağı barədə çox danışılıb. Əsas üstünlüyü isə Azərbaycanı öz ərazisi olan Naxçıvanla və strateji tərəfdaşı olan Türkiyə ilə quru yolla birləşdirməsidir.

Bu günə qədər Azərbaycan Türkiyə ilə Gürcüstan və İran üzərindən əlaqə qurub, lakin "Turan qapısı” adlandırılan Naxçıvan koridoru əvəzsiz yoldur. Bu həm də Bakı-Naxçıvan-Qars dəmiryol xəttinin işə düşməsi deməkdir. Hazırda bu yol bir çox dövlətləri marağındadır. Yalnız Naxçıvan koridoru Gürcüstan və İranın maraqlarına təhlükə yaradır. Xüsusən Gürcüstan üçün bu, arzuolunmazdır. Çünki ərazisindən neft və qaz kəməri keçən Gürcüstan Avropa Birliyi və ABŞ üçün cazibədar ölkə idi.

Bu dəhliz həm də Rusiya , eləcə də Ermənistan üçün, bundan əlavə Avropa Birliyinə məhsul ixrac edən Çin üçün əhəmiyyət kəsb edir.

Naxçıvan dəhlizinin üstünlüklərini qiymətləndirən politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a danışarkən bildirdi ki, Dağlıq Qarabağ müharibəsi bitdikdən sonra regionda əməkdaşlıq formatları ciddi müzakirə predmetidir: "Ancaq bunun üçün əsas şərtlərdən biri budur ki, Ermənistan rəhbərliyinin mövqeyində dəyişiklik baş versin, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçsin, regional əməkdaşlığa qoşulsun. Buna baxmayaraq, 10 noyabrda imzalanan bəyanata görə, Naxçıvandan dəhliz açılmalıdır. Bu dəhlizdən gələcəkdə Rusiya da istifadə edə bilər, Türkiyəyə öz mallarını ixrac edə bilər, məhsul ala bilər, Azərbaycan da öz mallarını Türkiyəyə qısa yolla daşıyacaq. Türkiyə bu yolla türk dövlətlərinin bazarlarına, hətta Çinə qədər məsafə qət edə bilər. Bu hamının xeyrinədir”.

E.Şahinoğlu da vurğuladı ki, bu koridor yalnız Gürcüstanın maraqlarının əleyhinə ola bilər: "Ümumiyyətlə, müharibə bitdikdən sonra Gürcüstanın statusu azala bilər, açıq demək lazımdır ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə əslində Gürcüstanın maraqlarına xidmət edirdi. Azərbaycanla Ermənistan arasında münaqişə olmasaydı, əslində bütün nəqliyyat xətləri , boru kəmərləri Gürcüstandan deyil, Ermənistandan keçəcəkdi. Gürcüstan indiki statusda olmayacaqdı, bütün qazanc Gürcüstana yox, Ermənistana çatacaqdı. Ona görə də, Ermənistan hakimiyyəti siyasətini dəyişsə, bu ölkənin regional layihələrə qoşulması mümkündür. Düzdür, Bakı-Tiflis-Qars dəmiryolu tikilib, ancaq Naxçıvandan keçən yol bundan daha qısa olacaq. Bu yoldan daha çox çıxış imkanları əldə edilə biləcək. Bu baxımdan Gürcüstanın müəyyən narahatlığı ola bilər, ancaq bunu dilə gətirməyəcək. Hələ ki, bunun gerçəkləşəcəyi yaxın müddət üçün mümkün görünmür. Ermənistan ictimaiyyəti bizə qarşı revanşist əhval-ruhiyyədədir. Belə olan halda regional əməkdaşlıqdan söhbət gedə bilməz. Naxçıvan dəhlizinin nə zaman işə düşəcəyi də hələ ki, sual altındadır. Ermənistanın baş naziri Nikol Paşinyan ultimatum verib ki, bu dəhliz istifadə olunacaqsa, ondan biz də istifadə etməliyik. Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından vaz keçmədən həmin dəhlizdən istifadə edə bilməz, Azərbaycanın da birtərəfli istifadəsinə əngəl ola bilməz”.

Avropa və Amerikanın da bu məsələdə maraqlı olmasına gəlincə, politoloq vurğuladı ki, bu məsələni bir qədər şişirtməkdir: "Əskinə Çinin böyük layihələrinin icrası Qərbin və Amerikanın maraqlarına cavab vermir. Ancaq onlar əngəl də ola bilməzlər. Bu layihədə maraqlı olan dövlətlər Azərbaycan, Türkiyə , Rusiya, Çin, Mərkəzi Asiya ölkələridir ki, regional əməkdaşlıq formatı yaransın. Ermənistan da bu layihədən istifadə etmək istəyər, ancaq kasıb vəziyyətdə olsa da ərazi iddialarından vaz keçmir. Ancaq anlamalıdırlar ki, artıq bizimlə müharibə aparacaq gücləri yoxdur və ayaqda qalmaq üçün Azərbaycan və Türkiyə ilə barış yolları axtarmalıdır. Bir tərəfdə 10 milyonluq Azərbaycan, digər tərəfdə 83 milyonluq Türkiyə, Ermənistanın əhalisi isə 3 milyondur, iqtisadiyyatları da dağılıb. Ancaq onların məntiqli hərəkət edəcəklərinə o qədər də ümid bəsləmirəm”.

İqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, Naxçıvan dəhlizinin olması hər bir halda müsbətdir, bu bir imkandır: "İmkan olması hələ hər şey demək deyil və ondan nə dərəcədə istifadə edəcəyimizdən çox şey asılıdır. Burada söhbət Azərbaycanın bir ərazisinin digər ərazisi arasında birbaşa quru yolunun olmasından gedir. Bu yoldan həm sərnişindaşıma, həm də yükdaşıma mümkündür. Qərb yolu çəkiləcək, bu işlər sıfırdan qurulacaq. Naxçıvana hava yolu ilə əlaqə həm baha başa gəlirdi, həm də dövlət üçün əlavə xərc idi. İlk növbədə Azərbaycan üçün bu baxımdan əhəmiyyətlidir. Bizim üçün bunun iqtisadi tərəfi əsasən yükdaşımalarla əlaqədardır. Naxçıvanın hazırda elə böyük iqtisadi potensialı yoxdur ki, Azərbaycana böyük həcmdə yüklər gəlsin. Burada söhbət əsasəb Türkiyədən gedir. Həmçinin Azərbaycandan yüklərin Rusiya və Orta Asiya bazarına daşınması məsələsi də var. Türkiyə üçün çox böyük imkanlar yaranır. Rusiya da eyni imkanlardan yararlana bilər, ancaq bu ölkənin ixracı Türkiyə qədər deyil. Ona görə də, Türkiyənin iqtisadi qazancı daha çox olacaq. Bu dəhlizə Orta Asiya ölkələrinin cəlb edilməsi də əhəmiyyətlidir. Avropa ölkələrinin , Yaxın Şərq ölkələrini bu prosesə qoşmaq da mümkündür. Bu hazırda sadəcə bir potensialdır. Nəzəriyyədə bu məsələni nə qədər şişirtsək də, təcrübədə sözügedən tərəfləri cəlb etmək əsas məsələdir. Hazırda Çin mallarının Avropaya daşınması üçün bir çox dəhlizlər mövcuddur. Biz bu ölkələri ənənəvi dəhlizlərdən imtina edib,Naxçıvan dəhlizi üzərindən məhsul ixracını həyata keçirməyə nə dərəcədə cəlb edə biləcəyik- bu məsələ önəmlidir. Bu böyük imkanlardır və hansı fayda verəcəyi gələcək proseslərdən asılı olacaq”.

Mənbə: Musavat.com