USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 36%-ə yaxın artıb

12.09.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,622 milyard manat məbləğində investisiya edilib.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 35,7 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,933 milyard manatı neft-qaz sektoru, 688,5 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk səkkiz ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 19,2 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,2 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8 faiz artıb. Ümumi sərmayənin 5,8 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6 faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 79 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77 faizini təşkil edib.