Son aylarda Azərbaycan əhalisi gündəlik istehlak mallarının, xüsusilə də ərzaq məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə edir. İqtisadi ekspertlər bu artımı bir neçə əsas səbəblə izah edir: xarici bazardan asılılıq, daxili istehsalın zəifliyi, logistik, infrastruktur problemləri və bazarda nəzarətsizlik.
Kommersant.az xəbər verir ki, ötən ay ərzində ərzaq məhsullarının qiymətində ciddi atımlar olub. Belə ki, pomidorun qiyməti 2 manat və ya 67 faiz bahalaşaraq 5 manata, xiyar 0.8 manat və ya 37 faiz bahalaşaraq 3 manata, kartof 0.5 manat və ya 50 faiz bahalaşaraq 1.5 manata, acı bibər 5manat və ya 1.2 dəfə bahalaşaraq 9 manatadək yüksəlib. Siqratlər isə 0.2 manat və ya 5 faiz bahalaşıb. Bu yazıda qiymət artımına səbəb olan əsas amilləri nəzərinizə çatdıracağıq.
İdxaldan Asılılıq: Əsas Risk Faktoru
Azərbaycanda ərzaq məhsullarının əhəmiyyətli bir hissəsi xüsusilə şəkər, un, yağ, ət və süd məhsulları xarici ölkələrdən idxal olunur. Bu da ölkəni qlobal bazarlardakı qiymət dəyişikliklərinə qarşı həssas vəziyyətə salır. 2024-cü ilin sonunda Rusiya və Ukraynada baş verən iqlim problemləri və logistika xərclərinin artması, Azərbaycanın ərzaq bazarına da təzyiq göstərib. Bundan başqa rubl-dollar məzənnəsindəki dəyişikliklər də idxal qiymətlərinə təsir edib.
Daxili İstehsal: Potensial var amma Dəstək Yoxdur
Ölkədə aqrar sektorun inkişaf etdirilməsi istiqamətində son illərdə müəyyən addımlar atılsa da, bu sahədə hələ də sistemli problemlər qalmaqdadır. Fermerlər subsidiyaların gecikməsindən, texniki dəstəyin azlığından və satış kanallarına çıxış çətinliyindən şikayətlənirlər. Yerli istehsal kifayət qədər güclənmədiyi üçün tələbatın böyük hissəsi hələ də idxalla qarşılanır.
Ötən illərdə kür çayının təxmini 7 günlük quruması Sabirabadın kəndlərində əkinçilərə ciddi zərər vurdu. Bu əkinçilərə dövlət dəstəyi verilməməsi ilə bərabər eyni zamanda üsyan edənlərə qarşı təzyiqlərin göstərilməsi əkinçiləri daha da küstürmüşdü.
Logistika və Daşınma Xərcləri
Qiymət artımının bir səbəbi də daşınma və saxlama xərclərinin artmasıdır. Daxili yolların keyfiyyəti, anbar infrastrukturunun zəifliyi, soyuducu sistemlərin çatışmazlığı və regionlararası daşınmanın yüksək qiyməti məhsulun son qiymətinə təsir edir. Bundan başqa qeyd edək ki, ərzaq sektorunda hər bir vasitəçi qiymətə əlavə yük gətirir.
Bazar Nəzarəti və Rəqabətsizlik
Bəzi məhsullar üzrə inhisar vəziyyətlər, süni qiymət artımı və kifayət qədər effektiv olmayan dövlət nəzarəti də problemi dərinləşdirir. Rəqabətin zəif olması səbəbindən məhsulların qiyməti yalnız bazar tələbi ilə deyil, eyni zamanda az sayda oyunçunun müəyyən etdiyi "tavanlarla" da formalaşır.