USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi qanunvericiliyi dəyişəcək

13.06.2018 İqtisadiyyat
0 0
Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 milyard 27 milyon manat azaldılması nəzərdə tutulur.

Bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsində bildirilir.

Vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilməsi nəzərdə tutulan islahatların vergi ödəyicilərinə ehtimal edilən mənfi təsirini azaltmaq və əlavə dəyər vergisinin inzibatçılığı çərçivəsində gömrük orqanları ilə vergi orqanları arasında əlavə dəyər vergisinin ödənişlərində yaranmış disproporsiyanın mərhələlərlə aradan qaldırılması zərurətini nəzərə alaraq qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 milyard 27 milyon manat azaldılması, neftin satış qiymətinin artımı hesabına neft gəlirləri üzrə daxilolmaların 500 milyon manat artırılması, yekunda Vergilər Nazirliyinin xətti ilə təsdiq edilmiş proqnozun 527 milyon manat azaldılması nəzərdə tutulur.

Qeyd olunan artım və azalmalar nəzərə alınmaqla, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8% çoxdur.

Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7%, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0% azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9% çoxdur.