Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
Azərbaycanda bank və kredit təşkilatlarından kredit götürən şəxslərin üzərinə yalnız aylıq ödəniş məsuliyyəti düşmür – onlar eyni zamanda gözlənilməz həyat hadisələrinə qarşı da sığortalanmış olurlar. Bu, “kredit üzrə həyat sığortası” adlanan vacib bir mexanizmdir və həm borcalanı, həm də bankı potensial maliyyə risklərindən qoruyur.
Azərbaycan Mərkəzi Bankının (Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin) 2025-ci ilin mayın 1-nə olan rəsmi məlumatlarına əsasən Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var. Amma bu borcalanların 95%-dən çoxu həyat sığortasından istifadə etmir.
COVID-dən sonra Mərkəzi Bank, ABA və ASA tərəfindən həyata keçirilən islahatlar çərçivəsində, 2024-cü ilin ortasından başlayaraq fiziki şəxslərə kredit verərkən onlara həyat sığortası təklifi təqdim edilib. Amma təklif hələ də könüllü olduğu və borcalanların aktiv olaraq məlumatlandırılmaması nəticəsində istifadəsi ən az hallarda olur. Bu sığorta növündən istifadə halları artdıqca maliyyə sabitliyi təmin olunmaqla yanaşı borcalanların ailəsi də borc öhdəliyindən azad olur. Buna görə də sözügedən sığorta növünün istehlakçılara hansı üstünlükləri verdiyi haqqında qısaca məlumat verək:
Sığorta nəyi əhatə edir?
Kredit müqaviləsi imzalanarkən kredit götürən şəxs, həyat sığortası paketinə daxil edilir. Bu sığorta aşağıdakı halları əhatə edə bilər:
Kredit müddətində ölüm halı
Əlillik və ya əmək qabiliyyətinin itirilməsi
Bəzən işsizlik və müvəqqəti xəstəlik halları (əlavə paketlərdə)
Bu halda, kredit götürənin başına ciddi həyat riski gəldikdə, sığorta şirkəti qalan borcu tam və ya qismən bank qarşısında ödəyir. Borcalanın ailəsi isə kredit yükü altına düşmür.
Kimə fayda verir?
Borcalan və ailəsi: Həyatla bağlı ağır nəticələr yaşandıqda, ailənin bank borcu ilə qarşılaşmaması üçün qoruyucu təbəqə formalaşır.
Bank və kredit təşkilatları: Geri qaytarılmayan kreditlər səbəbindən risklərini azaldır, kredit portfeli sabitliyini qoruyur.
Sığorta şirkətləri: Yeni məhsul təqdimatı və xidmət genişlənməsi üçün imkan əldə edirlər.
Hüquqi baxımdan nə deyilir?
Azərbaycanda bəzi bank və kredit təşkilatı kredit verilməsi üçün həyat sığortasını məcburi şərt kimi qoyur. Bu, borcalanın hüquqlarının qorunması baxımından da önəmlidir. Eyni zamanda sığorta müqaviləsinin detalları (müddət, sığorta məbləği, hadisə şərtləri və istisnalar) şəffaf şəkildə təqdim olunmalıdır.
Qeyd edək ki, bank qarşısında öhdəlik götürən borcalanların da bu məsələdə diqqət etməli məqamlar var. Məsələn, sığorta şərtlərini mütləq oxumalı və başa düşməlidir. Çünki, şərtlər arasında "İstisna halları" bölməsində bəzi hallar ödəniş xaricində qala bilər. Məsələn, intihar, riskli fəaliyyətlər və s. Bundan başqa sığorta haqqı kredit məbləğinə daxil ola bilər. Bu zaman faiz yükünü artırır, buna görə aylıq ödənişlərdə fərq hiss oluna bilər.
Kredit üzrə həyat sığortası – maliyyə sabitliyimiz üçün vacib bir təbəqədir. Bu sistem həm kredit alanları, həm də bankları mümkün risklərdən qorumaqla yanaşı, daha güvənli kredit münasibətləri yaradır. Sığorta anlayışına “əlavə xərc” kimi deyil, gələcək risklərə qarşı “təminat” kimi yanaşmaq daha doğrudur.