"Ötən gün baş verən neft qiymətlərinin kəskin azalması..." - OPEC PREZİDENTİ

14.11.2018 Energetika
"Neft bazarının təməl göstəriciləri adekvat olaraq qalır və qiymətlərin kəskin azalmasına əsas yaratmır".

“Bloomberg” xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl Məzrui bildirib.

“Neft bazarının təməl göstəriciləri əvvəlkitək adekvatdır və ötən gün baş verən neft qiymətlərinin kəskin azalması üçün əsas yaratmır”, - deyən OPEC rəhbərinin sözlərinə görə, OPEC+ neft qiymətlərini yox, ilk növbədə, neft ehtiyatlarının həcmini əsas götürərək onu orta beşillik rəqəmlərə uyğunlaşdırmağa çalışır.

S.Məzrui həmçinin OPEC və tərəfdaşlarının lazım gəlsə, bazarda tarazlıq yaratmaq üçün hasilat həcmini azaltmağa və yaxud tənzimləməyə hazır olduğunu diqqətə çatdırıb: “Əvvəllər bazarda tarazlığa nail olmaq üçün hasilatı azaltmışdıq. Bazarı taraz saxlamaq zərurəti yaransa, bir daha azaldarıq”.