USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan qanunsuz çıxarılan 1,1 milyard dövlət vəsaitidir - Ekspertdən ilginc açıqlama

08.04.2021 Bank
0 0
Rövşən Ağayev: “Mərkəzi Bank tədiyə balansını məhdud açıqlamasaydı, bu fakt orada görünərdi”; Hesablama Palatası audit nəticələrini detallı açıqlamır

Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair Milli Məclisə daxil olan hesabatı ilk dəfə olaraq cəmiyyətdə şok effekti yaradıb. Bu dəfəki hesabatdan aydın olur ki, Palata indiyədək yaxşı işlədiyi görünən, yaxud pis işləsə də, toxunulmayan müxtəlif dövlət qurumlarında yoxlamalar apararaq ciddi pozuntular aşkarlayıb. Bu pozuntulardan bir neçəsi araşdırılmaq üçün Baş Prokurorluğa göndərilib – AMEA-da, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin təyinatından yayındırılması ilə bağlı aşkarlanan faktlar. Digər yoxlamaların nəticələri ilə bağlı hansı addımların atılacağı, yəqin ki, yaxın vaxtlarda bilinəcək. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətində aşkarlanan çox ciddi pozuntular hüquq-mühafizə orqanlarına göndərilməsə də, əldə etdiyimiz məlumata görə, Şurada radikal dəyişikliklərə gediləcək.


Hesablama Palatasının aşkarladığı bir fakt da ciddi müzakirələrə səbəb olmaqdadır. Belə ki, Palata aşkarlayıb ki, 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib. Hesabatda qeyd edilir ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.

Palatanın aşkarladığı bu fakt kifayət qədər irihəcmli vəsaitlərin ölkədən qanunsuz çıxarılmasını sübut edir. İqtisadçı-ekspert Rövşən Ağayev məsələ ilə bağlı AFN-ə danışarkən bildirdi ki, Hesablama Palatasının özəl bankların fəaliyyətini yoxlamaq hüququ yoxdur: “Yəni söhbət 7 bankdan gedirsə, demək, onların arasında özəl banklar da var. Nəzərə alsaq ki, Palatanın özəl bankların fəaliyyətini birbaşa yoxlamaq səlahiyyəti yoxdur, yalnız dövlət təşkilatlarının köçürmələri olarsa, onları yoxlaya bilər, bu zaman aydın olur ki, söhbət dövlət vəsaitlərindən gedir. Yəni ölkədən müvafiq sənədləşmə olmadan çıxarılan vəsait dövlətə - hansısa dövlət şirkətinə, yaxud dövlət qurumuna məxsus olub ki, Palata bu faktı üzə çıxara bilib. Söhbət ticarət kreditləşməsindən gedir. Tədiyə balansında bu proses Ticarət kreditləri və avanslar bölməsində əksini tapır. Qanunvericiliyə əsasən, xaricdən mal alınan zaman onun dəyəri müvafiq sənədlər əsasında ödənilir, alınan malların ölkəyə gətirilməsi üçünsə 720 gün müddət qoyulur. Yəni bu müddət ərzində köçürülən vəsaitlərin əvəzində alınan mallar idxal edilmirsə, qanunvericiliyin pozulması baş verir. Görünür, Hesablama Palatasının qeydə aldığı hallarda bu pozuntu baş verib – arxasında mal durmadan pul köçürülüb. Mərkəzi Bankın təlimatına əsasən, bu proses belə gedir: əvvəlcədən müqavilə və invoys banka təqdim olunur. Yalnız bundan sonra banklar müqaviləyə uyğun köçürmə edirlər. Hətta bu gün xaricdə övladı oxuyan valideynlər təhsil haqqını köçürmək üçün uzun bir prosedurdan keçirlər. Bu halda necə ola bilər ki, o qədər böyük vəsait təsdiqedici sənədlər olmadan xaricə köçürülüb? Palatanın məlumatından isə aydın olur ki, banklar köçürməni müvafiq sənədlər olmadan həyata keçiriblər. Belə prosesləri izləmək, aşkara çıxarmaq əslində maliyyə nəzarətini həyata keçirən Mərkəzi Bankın vəzifəsidir”.

Mərkəzi Bankın məsuliyyəti kifayət qədər böyükdür

Ekspert bildirir ki, Hesablama Palatasının açıqladığı məlumat natamamdır: “Məlumatda qanunsuz köçürməni edən bankların, pulun sahibi olan dövlət şirkəti və ya qurumunun adı açıqlanmır, faktlar üzrə hansı tədbirlərin görüldüyü qeyd edilmir. Mərkəzi Bank köçürmələri həyata keçirən banklara qarşı ciddi sanksiyalar tətbiq etməlidir. Banklar ölkədən çıxarılan hər qəpiyin hesabını apara bilirlər, aparmalıdılar da. Mərkəzi Bank onların bunu etməsini təmin etməlidir. Bu gün xaricdən əmlak almaq istəyən adi vətəndaş müvafiq sənədləri təqdim etmədən 1 qəpik belə xaricə köçürə bilməz. Bu halda, 1,1 milyard manat ekvivalentində xarici valyutanı hansı əsasla banklar xaricə köçürüblər? Fikrimcə, bu, çox ciddi məsələdir, onunla bağlı cəmiyyətə ətraflı məlumat verilməlidir: vəsait hansı dövlət qurumunun hesabından köçürülüb, Mərkəzi Bank 7 bankla bağlı hansı addımları atıb, atmayıbsa, niyə atmayıb? Mərkəzi Bankın məsuliyyəti kifayət qədər böyükdür bu məsələdə”.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Bank Azərbaycanın 2020-ci il üzrə tədiyə balansını açıqlayıb. Lakin Palatanın aşkarladığı faktı orada görmək mümkün deyil. R.Ağayev bildirir ki, Mərkəzi Bank tədiyə balansı ilə bağlı şəffaflığı tam təmin etmir: “Çox təəssüflər olsun ki, Mərkəzi Bankın tədiyə balansı statistikası kapital axınlarını izləməyə imkan verəcək qədər şəffaf deyil. Məsələn, Mərkəzi Bank il ərzində ölkəyə daxil olan vəsaitlə çıxarılan vəsaitin fərqini açıqlayır – bu o deməkdir ki, bir il ərzində 2 milyard dollar çıxarılırsa, 3 milyard dollar daxil olursa, onların fərqi olan 1 milyard dollar müsbət saldo kimi açıqlanır. Lakin il ərzində çıxarılan vəsaitlə daxil olan eyni rezidentlərin deyil axı. Biz heç Mərkəzi Bankın açıqladığı tədiyə balansında çıxan 2 milyardla gələn 3 milyardı görə bilmirik, çünki Bank yalnız saldonu açıqlayır. Ticarət kreditləri və avanslar, Depozitlər üzrə də eyni qaydada saldo açıqlanır. Yəni Mərkəzi Bankın qalıq prinsipi üzrə açıqlanan statistikasında biz Hesablama Palatasının aşkarladığı faktları görə bilmirik. Düzdür, Mərkəzi Bank iddia edə bilər ki, tədiyə balansının qalıq prinsipi ilə açıqlanması Beynəlxalq Valyuta Fondunun şəffaflıq tələblərinə uyğundur. Mən bunu qəbul edirəm, amma nəzərə almaq lazımdır ki, bu prinsip Fondun irəli sürdüyü minimum şəffaflıq tələbidir. Ölkələrin əksəriyyəti bu tələbdən daha şəffaf statistika açıqlayırlar. Götürək, qonşu Türkiyəni. Türkiyə Mərkəzi Bankının açıqladığı balans statistikası bizdəkindən qat-qat şəffaf və detallıdır. Azərbaycan Mərkəzi Bankı məhdud informasiya açıqlamaqla dərin təhlillərin, araşdırmaların qarşısını alır, medianın, cəmiyyətin suallarının yaranmasını önləyir”.
Ekspert hesab edir ki, Mərkəzi Bank Azərbaycanın beynəlxalq investisiya mövqeyini açıqlamalıdır: “2016-cı ildə Prezidentin fərmanlarından birində bu statistikanın açıqlanması Mərkəzi Banka tapşırılıb, amma hələ də icra olunmayıb. Beynəlxalq investisiya mövqeyi ölkədən çıxan və daxil olan vəsaitlərin illik və kumulyativ formada açıqlanmasıdır. Mərkəzi Bank illik göstəriciləri açıqlayır, amma kumulyativ göstəriciləri açıqlamır. Buna görə də məsələn, Azərbaycanın 20 il ərzində Türkiyəyə yatırdığı sərmayənin ümumi həcmini görə bilmirik, çünki Mərkəzi Bank yalnız illik yatırımları açıqlayır. Bütün digər göstəricilər də eyni qaydada açıqlanır. Buna görə də Mərkəzi Bankın Azərbaycanın beynəlxalq investisiya mövqeyi sənədini açıqlaması zəruridir. Digər bir məsələ tədiyə balansı statistikasının təkmilləşdirilməsidir. Qalıq prinsipi ilə deyil, ölkəyə daxilolma və çıxma üzrə göstəricilər açıqlanmalıdır. Üçüncü məsələ tədiyə balansı üzrə məlumatların ayrı-ayrı sektorlar üzrə açıqlanmasıdır, yəni dövlət, bank və özəl sektorun payı ayrılıqda olmaqla. Hazırda biz yalnız banklar üzrə bəzi məlumatları görə bilirik”.

Hesablama Palatası da yoxlamaları tam aparmır

R.Ağayev Hesablama Palatasının məlumat açıqlığını da yetərli hesab etmir: “Yenə Türkiyə təcrübəsindən misal gətirəcəm. Türkiyə Sayıştayı (Hesablama Palatası) bütün dövlət qurumlarında, hətta universitetlərdə belə hər il audit aparır. Və bu auditə dair məlumat tam detallı şəkildə açıqlanır. Lakin Hesablama Palatası audit yoxlamalarını çox gec-gec aparır. Məsələn, ötən il QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı vaxtdan – 10 ildə ilk dəfə yoxlanıb, ciddi də problemlər aşkarlanıb. Bu baxımdan, Palatanın audit dövriliyi artırılmalıdır. Digər bir məsələ həyata keçirilən auditin nəticələri ilə bağlı çox ümumi məlumat açıqlanır. Türkiyədə Sayıştay tam detallı məlumatlar açıqlayır, bir universitetdəki auditə dair 150 səhifəlik hesabat sayta yerləşdirilir. Üçüncü bir məsələ Hesablama Palatasının dövlət şirkətlərində yalnız büdcədən ayrılan vəsaitlər üzrə audit aparmasıdır. Axı bu şirkətlərin büdcədən aldıqlarından kənarda irihəcmli gəlirləri, xərcləri olur? Dövlət şirkətidirsə, demək, onun bütün vəsaitləri dövlət vəsaitləridir və hamısı üzrə yoxlama aparılmalıdır. Palatanın dövlət satınalmaları ilə bağlı məlumatlarını, yoxlamaları da şəffaflıq prinsiplərinə cavab vermir.

Ümumi qaydada rəqabətli satınalma metoduna nə qədər yer verilib və sair baxımından qiymətləndirmə aparılır. Halbuki hazırda Azərbaycanda dövlət satınalmaları sahəsində çox böyük problemlər var. Bu problemləri üzə çıxarmaq üçün satınalmalar risk amilləri baxımından qiymətləndirilməlidir. Məsələn, illər üzrə yoxlansa aydın olacaq ki, bir dövlət qurumu bir şirkətə 20-30 satınalma müaviləsi bağlayıb. Bu, riskli satınalmadır. Nəhayət, qanunvericilikdə nəzərdə tutulsa da, Hesablama Palatası səmərəlilik qiymətləndirməsi aparmır. Buna beynəlxalq praktikada performans nəticə auditi deyilir. 2018-ci ildə Hesablama Palatası haqqında qəbul edilən yeni qanunda belə auditin aparılması nəzərdə tutulur, lakin hələ indiyədək Palatanın hansısa qurumda belə qiymətləndirmə həyata keçirdiyinə dair məlumata rast gəlməmişəm. Palata belə auditi həyata keçirməklə yanaşı, onun nəticələrini tam detallı şəkildə ictimaiyyətə açıqlamalıdır”.