USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank bu gün faiz qərarını açıqlayır

30.07.2021 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti həftənin son iş günü, 30 iyul 2021-ci il tarixdə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

“Kommersant.az” xəbər verir ki, Mərkəzi Bankın rəhbərliyi faiz dəhlizinin parametirləri ilə bağlı 2021-ci il ərzində dörd dəfə qərar verib.

Bu qərarlar, 29 yanvar,19 mart, 30 aprel və sonuncu 18 iyun 2021-ci il tarixində verilmiş, lakin requlyator faiz dərəcəsi ilə bağlı bu dörd toplantında hər birində gözləmə mövqeyini üstün seçib. Yəni faiz dərəcələrina bu il ümumiyyətlə toxunmayıb. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.

Mərkəzi Bank sonuncu dəfə uçot faiz dərəcəsinə 2020-ci ilin dekabrında toxunmuş, həmin qərara qədər isə faiz dərəcəsi 6.50 təşkil edirdi.

2021-ci ilin iyun ayı üçün açıqlanan statistikaya görə, AMB-nin yenidənmaliyyələşdirmə həcmi 1 mlrd. 78.1 milyon manatdır. Bu da devalvasiyadan bu tərəfə ən böyük rəqəmdir.

Banker.az analitikləri bildirir ki, Mərkəzi Bank sonuncu dəfə inflyasiya ilə bağlı açıqlaması növbəti qərarda bir qədər ehtiyatlı davranması üçün əsasdır. Məsələn, AMB sonuncu qərarında deyir: “İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlmişdir. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.”

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ilin ilk yarımilliyində (yanvar-iyun) inflyasiya göstəricisi 4.3% olub. Azərbaycan Mərkəzi Bankının 18 iyundakı qərarında şərhdə deyilirdi ki, inflyasiya tempinin hədəf çərçivəsi 4±2% (yəni 3.8-4.2% arası) təşkil edir.

AMB-nin risk balansında deyilir: İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artmışdır. Artırıcı amillərə əsasən qeyri-monetar xarakter daşıyan xərc amilləri aiddir. İqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.

Bununla belə ölkənin valyuta bazarında sabitlik mövcuddur. Baxmayaraq ki, Azərbaycan OPEC+ alyansı ilə birgə təşəbbüsdə çıxış etməklə nefti kvota ilə ixrac edir, neftin qiyməti hökumətin büdcə üçün götürdüyü hədəfdən üstə ticarət olunmaqdadır.