USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rafiq Əliyev “İslam bankı”nın yaradılması təklifindən danışdı: “Deyəcək “neçə faiz verirsən?””

12.10.2022 Bank
0 0
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev Milli Məclisin deputatı Ceyhun Məmmədovun Azərbaycanda İslam qaydalarına uyğun bank yaradılması ilə bağlı təklifinə münasibət bildirib.

R.Əliyev açıqlamasında deyib ki, İslam bankının Azərbaycanda yaradılması ideyası hələ 1990-cı illərdə var idi.

“Çox ciddi surətdə bu işə girişmişdilər. İslam bankı yaratmaqla bağlı İSESKO ilə də əlaqə saxlamışdılar. İslam bankının daha çox inkişaf etdiyi Birləşmiş Ərəb Əmirliklərindən də mütəxəssislər gəlmişdi, söhbət aparılmışdı. Lakin həmin vaxt bu bankın yaradılması bir neçə səbəbdən mümkün olmadı. Birincisi, İslam bankına faizlə pul qoymaq mümkün deyil. O zaman da bizdə banklarda faizlər çox yüksək idi. 16-25%-lə pulumuzu banklara qoyurduq. Dünya sistemində, ümumiyyətlə, 1%-dən 4%-ə qədər pulunu faizlə banka qoya bilərsən. ABŞ-da insanlar 1%-ə pullarını banka qoyanda, bunu çox yüksək faiz hesab edirlər. Məsələn, Kanadada 0,8% idi. Sonradan dedilər ki, bu, 1,5%-ə qalxıb. Bizdə indi də faizlər çox yüksəkdir. Kredit alma faizləri də həmçinin”, - R.Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan bank sistemində Milli Bank özəl banklara pul verir, bu banklar da həmin pulları istifadə edirlər: “Özəl banklara pulları Milli Bank, bildiyim qədəri ilə, 7%-dən verir. Sənədlərin hazırlanması və s. gəlib 12%-dək özəl banklara çıxır. Bu banklar da 15-17%-dən aşağı verə bilməzlər. Versələr, onda qazanc əldə edə bilmirlər. Özəl banklar indi 20-25%-dən kredit verirlər. Bu, çox yüksək rəqəmdir, dünyanın heç bir ölkəsində görünməyib, dəhşətdir, belə bir sistem yoxdur. Türkiyədə insanlara verilən kredit 1-4%-dir”.

R.Əliyev deyib ki, İslam qaydaları ilə çalışan banklarda, ümumiyyətlə, faiz yoxdur: “Pulunu bu banka qoyursan, bankın sahibləri müəssisə sahibləri ilə əlaqə saxlayır, yeni müəssisə yaradırlar, ya müəssisəyə pullarını qoyurlar, bu pullar həmin müəssisəni inkişaf etdirir. İnsanları işlə təmin edirlər. Hər şeyi qaydasına salandan sonra alınan gəliri payçılar arasında bölüşdürürlər. Bu sistemi indi bizdə tətbiq etmək mümkün deyil. Amma bunu Türkiyə variantında etmək olar. Türkiyədə Diyanət İşləri Başqanlığının özünün zəkat və ianə bankı kimi idarəsi var. İnsanlar pullarını bura verir, başqalarına xərcləyirlər. Amma bizim müsəlmanlara desən ki, gəl, İslam bankına pulunu qoy, o deyəcək “neçə faiz verirsən?” Əslində, müsəlman faizə pul verməli deyil. Əksəriyyətimiz isə faizə pul veririk. Ceyhun Məmmədov da bilir ki, bizdəki müsəlmanların xeyli hissəsi pullarını faizə qoya bilmirlər, çünki bu, İslama ziddir, günah işləmək istəmirlər. Onların pulları evlərində, sandıqlarında qalır. Əgər İslam bankı kimi kiçik bir bank olsa, onlar da pullarını bu banka qoyub işdən qazandıqlarını oradan götürə bilərlər”.

R.Əliyev əlavə edib ki, nümunə üçün pilot layihəsi kimi belə bir bank yaratmaq olar: “Görərik kimlər bu banka pul qoyacaq, əlaqə saxlayacaq, müştərək iş görəcək? Belə bir şərait yaranarsa, onda Ceyhun müəllimin dediyi fikri reallaşdırmaq mümkündür. Amma görürəm ki, deputatların çoxu, hətta möminləri də Ceyhun müəllimin fikrini qəbul etmirlər. Deyirlər “biz müsəlman ölkəsi, dövləti deyilik”. Biz əslində müsəlman ölkəsiyik, amma İslam dövləti deyilik. Deputatların çoxu başa düşmür ki, İslam dövləti ilə müsəlman ölkəsinin fərqi nədir? Vətəndaşlarımız müsəlmandırlar, ona görə də müsəlman ölkəsiyik. Amma İslam qayda-qanunları ilə dövləti idarə etmədiyimizə görə İslam dövləti deyilik. Dünyada cəmi dörd İslam dövləti var - Pakistan, Əfqanıstan, İran, Mavritaniya. Bu dövlətlərin özündə də adları “İslam dövləti” olmasına baxmayaraq, idarəetmə sistemi parlament kimi gedir. Məsələn, Böyük Britaniyada konstitusiyalı monarxiyadır. Burda din əsasdır, amma ölkəni idarə edən parlamentdir, prezidentdir. Onlar da parlamentdə qəbul olunan qanunları dinin süzgəcindən keçirib istifadə edirlər. Biz dünyəvi dövlət olduğumuz üçün qanunlarımızın hamısı dünyəvilik süzgəcindən keçirilir ki, orada dini amillər özünə yer tapmasın. Fərqimiz budur. Onlar dinin süzgəcindən keçirirlər, biz dünyəviliyin... Bunları camaata aydınlaşdırsaq... Ümid edirəm, Ceyhun müəllim də bunları yavaş-yavaş parlamentdəkilərin çoxuna aydınlaşdıracaq. Onda biz başa düşərik ki, həqiqətən müsəlman ölkəsiyik, İslam dövləti yox. Bunun fərqinə varmaq lazımdır. Biz bütün sahələrdə - təhsil, səhiyyə, iqtisadiyyat və s. bu qədər reklamlar, yeniliklər edirik. Əslində təhsil sahəsində yenilik etmək mümkün deyil. Təhsil cəmiyyətin güzgüsüdür, mühafizəkar sistemdir, qalmalıdır. Amma niyə bank sistemində müəyyən pilot layihə edə bilməyək? Söhbət bundan gedir. Bunu bəziləri istəmirsə, ayrı söhbətdir. Niyə kiçik bank yaratmaq mümkün olmasın? Bilək ki, bu bankda iş necə gedəcək? İndi bankların hamısı özəldir. Heç kimi məcbur edə bilməzsən ki, İslam bankı yaratsın. Bu bankı ancaq dövlət yarada bilər, yaxud pullu müsəlmanların bir hissəsi yığışıb bir bank yarada bilərlər. Bu da mümkündür. Bu ideya tənqid ediləsi ideya deyil, normal ideyadır. Sadəcə, buna normal yanaşmaq lazımdır. Varinat tapmaq mümkündür”.