USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hava şəraiti niyə tez-tez dəyişir?

08.07.2025 Digər
0 0
Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.

Trend-ə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir:

“Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər”.

Professor bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır:

“Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.

Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.

H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir:

“Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır”.

  • Əvvəlki

    Bakının bu qəsəbəsində işıq kəsiləcək

Digər xəbərlər