USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avropadakı səfirləri geri çağıracaq?

11.12.2020 Siyasət
0 0
Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Vətən müharibəsində Azərbaycanın parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsini hələ də bəzi dünya gücləri həzm edə bilmirlər. Beynəlxalq aləmdəki anti-Azərbaycan qüvvələri hərəkətə keçiblər.

Bu fəallaşmada Azərbaycana qarşı şantaj xarakterli təzyiqlər edilməsinə cəhdlər müşahidə olunur. Fransa Senatının və parlamentinin, eləcə də Niderland parlamentinin artıq mövcudluğunu dilə gətirənlərin gülüş obyektinə çevrildiyi “Dağlıq Qarabağ Respublikası”nı tanımaları günlərdir ki, gündəmin əsas mövzularından birinə çevrilib. Dəyərlərə qarşı bu qədər sayğısız yanaşan iki Avropa ölkəsindəki qərarlar ölkə ictimaiyyətində dərin hiddət doğurub. Beynəlxalq aləmdəki anti-Azərbaycan qüvvələrinin zərərsizləşdirilməsi, onların cəzalandırılması yönündə haqlı tələblərə rast gəlirik. Bunun necə edilməsi ilə bağlı çoxlu sayda təkliflər səslənir. Əsas təkliflərdən biri Azərbaycan tərəfin hər iki ölkədəki diplomatlarını geri çağırması ilə bağlıdır. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a dedi ki, müharibədən sonra da xristian təəssübkeşliyi özünü qabarıq şəkildə göstərməkdədir: “Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Bütün dünya miqyasında və beynəlxalq təşkilatlar səviyyəsində tanınan sərhədlərimiz çərçivəsində işğalçı Ermənistana qarşı ədalətli Vətən müharibəsiylə torpaqlarımızı azad etmişik. Təəssüf ki, bu xristian təəssübkeşliyi ilə xəstələnən ultramillətçi qüvvələr tərəfindən Azərbaycana qarşı ədalətsiz münasibətlər bu və ya digər şəkildə özünü ifadə etməkdədir. Təbii ki, ayrı-ayrı ölkələrin parlamentlərinin ölkəmizə qarşı bu haqsız münasibətləri hüquqi qüvvəyə malik deyil. Ancaq hər halda, parlament səviyyəsində bunlar müzakirə olunursa, qətnamələr qəbul olunursa, heç şübhəsiz ki, bu xoşagələn vəziyyət deyil. Bu həmin ölkələrin Azərbaycana qarşı qərəzli münsibətinin açıq göstəricisidir. Mənə elə gəlir ki, xarici ölkələrdə, xüsusi olaraq, Avropada işimizi elə səviyyədə qurmalıyıq ki, bu və ya buna bənzər hadisələr baş verməsin. Ona görə də, məncə, səfirlərimiz daha ciddi səviyyədə işləməlidir. Burada işin ağırlığını səfirlərimizin, diplomatlarımızın üzərinə qoyuram. Bildiyimiz qədərilə, zamanında ayrı-ayrı ölkələrə təyin olunan səfirlər Xarici İşlər Nazirliyi tərəfindən başqa meyarlarla seçiliblər, göndəriliblər. İndi artıq o hallar yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinə cəmiyyətimizdə çox müsbət imici olan və idarəçilik sistemində yetərincə təcrübə qazanan Ceyhun Bayramov rəhbərlik edir. Tam əminəm ki, hansı səfirlər ki, etimadı doğrultmur, işini yüksək səviyyədə qura bilmir, ayrı-ayrı ölkələrdə Azərbaycanın maraqlarının həyata keçirilməsi üçün təsirli tədbirlər görməyi bacarmır, onlar yeniləri ilə, gənclərlə, peşəkar diplomatlarla əvəz olunacaqlar. Biz bundan sonra da hələ uzun illərboyu diplomatik və informasiya məkanında yağı düşmənə və onu himayə edənlərə qarşı gərgin mübarizənin içərisində olacağıq. Ona görə də hər birimiz özümüzdən asılı olan və üzərimizə düşən vəzifəni daha ciddi şəkildə nəzərə alıb, onu həyata keçirmək uğrunda dövlətimizlə bərabər olmalıyıq. Dövlət strukturları bu baxımdan işlərini daha yüksək səviyyədə qurmalıdır. Erməni tək deyil. Bizə qarşı bundan sonra da təzyiqlər, təhdidlər olacaqdır. Bu qədər iş görmüşük, torpaqlarımızı azad etmişik. Bunun nəticəsi olaraq, Zəfər paradı keçirdik. Mənə elə gəlir ki, bu, böyük təntənə, bayram idi”.

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli isə səfirlərin indiki şəraitdə geri çağırılmasına əsaslar görmür: “Anti-Azərbaycan qüvvələrin fəallaşmasının mahiyyəti bəllidir. Buna qarşı müvafiq addımların atılmasına ehtiyac var. Amma dövlətlərarası münasibətlərdə hər hansı bir tələsik qərarlar vermək də doğru deyil. Bu istiqamətdə atılmalı olan addımları şübhəsiz ki, Azərbaycan dövləti yaxşı bilir və diplomatik sahədə ölkəmizin maraqlarının qorunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Bildiyiniz kimi, həm Fransanın, həm də Niderlandın parlamentləri qondarma rejimlə bağlı müvafiq qərarlar qəbul ediblər. Təbii ki, onları bir-biri ilə birləşdirən cəhətlər də var. Fransa və Niderlandın xarici siyasət idarələri bəyan ediblər ki, onlar parlementin mövqeyi ilə razı deyillər. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü, BMT qətnamələrində qeyd olunmuş hüquqi prinsipləri tanıdıqlarını bildiriblər. Bu baxımdan xarici siyasət idarələri ilə parlamentlərin mövqeləri fərqlənir. Qənaətimə görə, bu daha çox görüntü xarakteri daşıyır. Digər tərəfdən, Niderland və Fransaya bu məsələdə başqa istiqamətdən də yanaşmaq lazımdır. Belə ki, Niderlanddan fərqli olaraq Fransada hakim partiyanın nümayəndələri daha çox fəallıq nümayiş etdiriblər. Bu aspektdən iki ölkə arasındakı fərqləri göstərmək olar. Hər iki ölkə ilə iqtisadi münasibətlərimiz var. Xüsusilə Niderlandla iqtisadi əlaqələrimiz kifayət qədər genişdir. Yaxın dövrlərə qədər bu əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Düşünürəm ki, yanaşmalar iqtisadi müstəvidə olmalıdır. Artıq bununla bağlı anons edilən məqamlar da var. Azərbaycanın ərazilərinin bərpa edilməsi ilə bağlı həyata keçirilən işlərdə hansı ölkələrin şirkətlərinin iştirak edəcəyi barədə ölkəmiz öz prioritetlərini açıqlayıb. Bundan sonrakı iqtisadi münasibətlərimizdə və digər sahələrdəki əlaqələrimizdə ölkəmiz üçün də prioritet olan məqamlar var. Bu sırada Avropa İttifaqının da Azərbaycanla bağlı mövqeyini ifadə edən ölkələrə şübhəsiz ki, üstünlüklər veriləcək. Necə ki, bu verilməkdədir. Niderland və Fransaya Azərbaycanın dövlət maraqlarından çıxış edərək münasibət göstəriləcək. Bu gün dünyada baş verən bütün proseslər qarşılıqlı, faydalı maraqlar üzərinə köklənib. Bu maraqlar da kompleks xarakter daşıyır. Təkcə iqtisadi müstəvidə deyil, eyni zamanda siyasi müstəvidə də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bundan sonrakı yolumuza da məhz bu kontekstdən yanaşacağıq. Səfirlərin geri çağırılması dövlətlərarası ciddi böhran yaşananda baş verən hadisələrdir. Qənaətimə görə, hələ ki, belə bir ciddi böhran yaşanmır. Nə Fransanın, nə də Niderlandın hüquqi şəkildə dövləti təmsil edən icra strukturları xarici siyasət idarələri başda olmaqla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən hər hansı bir addım atmayıblar. Bu askpektdən diplomatik əlaqələrə son verilməsi, yaxud səfirlərin geri çağırılması üçün indiki şəraitdə fundamental əsasların olmadığını görürəm. Amma dediyim kimi, qərarı Azərbaycan dövləti verir. Təbii ki, belə davam edəcəksə, BMT qətnamələrinə və beynəlxalq prinqiplərə zidd addımlar atılacaqsa, şübhəsiz ki, Azərbaycan və ölkəmizə müttəfiq olan dövlətlər tərəfindən müvafiq tədbirlər görüləcək”.