USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ərzaq məhsulları uzuclaşacaq - Hökumətdən anında müdaxilə

02.04.2020 İqtisadiyyat
0 0
Koronavirus pandemiyasının yaratdığı arzuedilməz vəziyyətin Azərbaycan iqtisadiyyatına, o cümlədən sahibkarların vəziyyətinə və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirlərini azaltmaq məqsədilə hökumətin hazırladığı proqramın detalları məlum olub.

"Kommersant.az" xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən açıqlanan məlumata əsasən, proqram çərçivəsində pandemiyanın yaratdığı vəziyyətdən zərər görən bütün subyektlərə dövlət dəstəyi veriləcək.

Dövlət dəstəyinin formalarından biri də vergi güzəştləri olacaq. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bəzi vergi ödəyiciləri müəyyən müddətə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Konkret olaraq əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi nəzərdə tutulur. ƏDV güzəştli tətbiq olunacaq ərzaq məhsulları arasında yerli istehsal malları ilə yanaşı, idxal edilən mallar da olacaq. Bundan başqa yerli ərzaq məhsullarının istehsalında istifadə olunan və idxal edilən bəzi xammal və materialların da ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Hökumətin hazırladığı proqramdan belə məlum olur ki, karantin dövründə əhalinin alıcılıq qabiliyyətinin zəifləməməsi üçün mühüm ərzaq məhsullarının qiyməti aşağı salınacaq. Çünki ƏDV-nin tətbiqi bütün məhsulların qiymətinin formalaşmasına təsir edir və onun ləğvi qiymətin enməsinə mühüm töhfə verəcək.

Qaydalara görə satışa çıxarılan məhsulun son qiyməti ƏDV hesablanaraq müəyyən olunur. Bu səbəbdən bütün məhsulların qiymətində ƏDV-nin payı yüksəkdir. Məsələn, sənaye istehsalından keçən bir ərzaq məhsulu satışa çıxarılanda onun qiyməti 10 manat müəyyən edilir. Bu qiymətin üzərinə 18 faiz ƏDV hesablanaraq məhsul satışa 11,8 manata çıxarılır. Əgər məhsulu topdansatıcı alıb, sonra pərakəndə satıcıya ötürürsə, bu mərhələdə də son qiymətin üzərinə ƏDV əlavə olunur. Topdansatıcı aldığı məhsulu 13 manata satmaq istədikdə ƏDV ilə birgə onun qiyməti 15,34 manat edir. Pərakəndə satıcı topdan satıcıdan məhsulu bu qiymətə alır və onun satış qiymətini 18 manat müəyyən edir. Həmin məhsulun qiymətinə yenidən ƏDV tətbiq edilir və nəticədə məhsul 21,7 manata satışa verilir.

Bu misalda əhalinin istehlak məqsədilə aldığı bir ədəd ərzaq məhsulun qiymətində ƏDV-nin payının 7,84 manat olduğu aydın olur. Deməli, nümunə gətirdiyimiz məhsulun qiymətinə ƏDV tətbiqinin dayandırılması həmin məhsulun ən azından 7,84 manat ucuza, yəni 13,86 manata satmağa əsas yaradır. Nəzərə alaq ki, ƏDV dolayı vergidir və onu həmişə alıcı ödəyir. Bu xüsusiyyətinə görə ƏDV-yə istehlak vergisi də deyilir. ƏDV-nin tətbiq mərhələlərindən və dərəcəsindən asılı olaraq məhsullar bahalaşdığı kimi, ucuzlaşa da bilir.

Burada ƏDV-nin tətbiqindən danışanda nəzərə alaq ki, vergilər yalnız sənaye istehsalından keçən ərzaq məhsullarına tətbiq edilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı vergilərdən azaddır. Buna görə də ƏDV-nin ləğvinin yerli istehsal olan kənd təsərrüfatı məhsullarının qiymətinə təsiri olmayacaq. Yalnız ölkə ərazisinə xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının qiymətinə təsiri hiss ediləcək. Belə ki, əksər kənd təsərrüfatı malları idxal edilən zaman onların son qiymətinin üzərinə ƏDV əlavə olunur.

Hazırda əsas kənd təsərrüfatı məhsullarının təxminən 25-30 faizi idxal hesabına təmin edilir. 2019-cu ilin məlumatına əsasən dənli bitkilərin 27 faizi, o cümlədən buğdanın 35 faizi, paxlalıların 30 faizi, kartofun 16 faizi, tərəvəzin 3 faizi, meyvənin 17 faizi idxal hesabına təmin edilir. Bu baxımdan ƏDV-nin ləğvi kənd təsərrüfatı mallarının da qiymətində enməyə əsas yaradacaq.

ƏDV ləğvinin daha çox azaldıcı təsirini sənaye məhsullarının qiymətində müşahidə ediləcək. Bu növ məhsullara bütün mərhələlərdə (istehsal və satış) vergilər tətbiq olunur.

Qeyd edək ki, əhalinin istehlak etdiyi ərzaq məhsulları arasında sənaye istehsalından keçən ərzaq məhsullarının payı az deyil. Onların arasında kifayət qədər böyük miqdarda əsas ərzaq məhsulları var. 2020-ci ilin məlumatına görə əhali ərzağa adambaşına hər ay 140 manat pul xərcləyib. Ərzaq məhsullarının böyük hissəsini məhz sənəye istehsalından keçən əsas ərzaq məhsulları təşkil edir. Bu növ məhsulların ƏDV-dən azad olunması əhalinin ərzaq məhsullarına çəkdiyi xərci azaldacaq.

ƏDV-nin ləğvinin sahibkarlara da xeyri böyükdür. Məhsulların ucuzlaşması onun dövriyyəsinin artmasına əsas yaradır. Vergi güzəşti hesabına sahibkar istehsala və idxala az pul xərcləyəcək, əvəzində dövriyyəsi, qazancı daha çox olacaq.

  • Əvvəlki

    Koronavirusa görə sosial yardımla bağlı rəsmi açıqlama

Digər xəbərlər