Müəllimlərin attestasiyası ləğv olunur - 5 ildən bir sertifikasiyadan keçiriləcək

29.05.2018 Sosial
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.

"Kommersant.Az" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

“Təhsil haqqında” qanuna dəyişikliklər də nəzərdə tutulur.

Təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən yeni əlavə və dəyişikliyə görə Azərbaycanda müəllimlər sertifikasiyadan keçiriləcək.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.