Azərbaycanda mehmanxanaların nə qədər gəlir əldə etdiyi açıqlanıb

26.01.2019 Turizm
2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 002,6 min gecələmə keçirilib ki, bu da 2017-ci illə müqayisədə 15,9% çoxdur.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə gecələmələrin 59,1%-i Bakıda, 10,4%-i Qəbələdə, 5,4%-i Xaçmazda, 4,1%-i Naftalanda, 3,8%-i Qubada, 3,6%-i Qusarda, 2,9%-i Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 0,8%-i Lənkəranda, 8,1%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3% artaraq 2 049,7 min olub ki, bu da ümumi gecələmələrin 68,3%-ni təşkil edir. Gecələmələrin 13,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,3%-i Rusiya Federasiyası, 8,8%-i Səudiyyə Ərəbistanı, 4,9%-i İran, 4,3%-i Türkiyə, 4,2%-i Hindistan, 3,8%-i İsrail, 3,1%-i Küveyt, 2,7%-i İraq, hər biri üzrə 2,6%-i olmaqla Böyük Britaniya və ABŞ, 2,5%-i Pakistan, 2,4%-i Qətər, 1,6%-i Qazaxıstan, 1,3%-i Oman, 1,2%-i Almaniya, 1,1%-i Ukrayna, 1%-i Bəhreyn, 26,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2%-i Bakı şəhərində, 10%-i Qəbələdə, 3,7%-i Naftalan şəhərində, 3,2%-i Qusarda, 3,1%-i Naxçıvan Muxtar Respublikasında, 3%-i Qubada, 2,8%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5% artaraq 952,9 minə çatıb. 2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3% çox və ya 359,4 mln. manat olub ki, onun da 66,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 2018-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4% (2017-ci ildə 17,1%) təşkil edib. Bu göstərici Naftalanda 54,8%, Qəbələdə 37,3%, Bakıda 36,1%, Kürdəmirdə 34,7%, Ağstafada 32,7%, Şəmkirdə 30,4%, Beyləqanda 26,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5%) avqust ayında qeydə alınıb.

VTB