Azərbaycanda iş adamlarına ödənilən ixrac təşviqi 2 mln. manatı keçib

02.07.2018 Biznes
"İndiyə qədər Azərbaycandan qeyri-neft məhsulları ixrac edən sahibkarlara 2,185 mln. manat ixrac təşviqi ödənilib".

"Kommersant" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Xatırladaq ki, bu rəqəm 2017-ci ildə 2,869 mln. manat təşkil etmişdi. Başqa sözlə, Fond 2017-ci ildəki göstəriciyə bu ilin I yarısında nail ola bilib.

Y.Abdullayevin sözlərinə görə, ixracın sürətlənməsində xaricdə yaradılmış ticarət və şərab evləri böyük rol oynayır: "Gələcəkdə BƏƏ-də ticarət evinin, Çində isə həm ticarət, həm də şərab evlərinin açılışı nəzərdə tutulub. Bizim ixracatçılarımız bunlardan yararlana bilərlər. Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 20% artıb. Artım bütün növ kənd təsərrüfatı məhsullarında, o cümlədən meyvə-tərəvəzdə də özünü göstərib".