"Kommersant.Az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalma qeydə alınıb.
Nəqletmənin 81,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 861,6 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 0,17% azdır.
Dövr ərzində BTC kəməri ilə 2,009 mln. ton tranzit nefti də nəql edilib ki, bu da illik müqayisədə 5% azdır.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.