Zaqatala-Balakən-Mazımçay yolu əsaslı şəkildə yenidən qurulur

1 İyun 15:01 Sosial
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam edir.

Agentlikdən "Kommersant.Az"a verilən məlumata görə, əsaslı təmir olunan yolun uzunluğu 40 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir.

Layihə çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub.

Yol yatağının ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılır ki, bu işlər də yolun 22 km-lik hissəsi də tam olaraq yekunlaşdırılıb. Yol əsası hazır olan hissələrdə hazırda asfaltlanma işləri aparılır. Bu çərçivədə yolun 18 km-lik hissəsinə artıq yeni asfalt-beton örtük döşənib. Ümumilikdə isə yolun 350 min kvadrat metrdən çox sahəsinə 3 qat olmaqla 20 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.

Tikinti layihəsinə əsasən AAYDA tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 3 körpüdə bu işlər yekunlaşıb, 2-də isə bərpa işləri davam etdirilir.

Əsaslı şəkildə təmir olunmuş körpülərdən birincisi Zaqatala şəhərində, Tala çayı üzərində yerləşir. Körpünün uzunluğu 132 metr təşkil edir, eni isə genişləndirilərək 9 m-dən 12 m-ə çatdırılıb. Yol ötürücüsündə əlavə bərkitmə işləri aparılıb, yeni piyada səkiləri inşa olunub və məhəccərlər quraşdırılıb.

Təmiri yekunlaşmış daha 2 körpü 12 metr uzunluğa malikdir. Körpülər Balakən rayonu ərazisindən keçən Humbul çayı və Balakənçay üzərində yerləşir. Analoji bərpa və genişləndirmə işləri burda da aparılır. Burda körpülərin eni 9 m-dən 11 m-ə çatdırılıb. Sözügedən körpülərdə işlər yekunlaşan kimi Mazımçay və Katexçay üzərində yerləşən körpülər də əsaslı şəkildə təmiri olunacaq. Bundan başqa layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton borular quraşdırılıb.

Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçü əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100.7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.