USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar qalxsa, qiymət artımı sürətlənəcək - PROQNOZ

16.04.2020 Bank
0 0
İstənilən ölkənin milli valyutası iqtisadi göstəricidir, iqtisadi institutları, birjası, qiymətli kağızlar bazarı olan dövlətlərdə məzənnə bazar iqtisadiyyatı qanunlarına görə tənzimlənir, hökumətlər məzənnə siyasətinə iqtisadi alətlərlə müdaxilə edir – milli valyutanı möhkəmləndirmək istəyəndə birjalardan dollar-avro satır, təklif artır, milli valyuta möhkəmlənir, yox əgər milli valyutanın dəyərdən düşməsi ümumi iqtisadi stratejiya üçün lazımdırsa, o zaman özü birjadan dollar-avro almağa başlayır, valyuta təklifi azalır, deməli milli valyutalar ucuzlaşmağa başlayır.

Bizdə manatın məzənnəsini iqtisadi alət olmaqdan çıxarıb siyasi sabitlik göstəricisinə, simvoluna çeviriblər - ən böyük problem məhz budur. Bizdə birjalarda məzənnə müyyən edilmir, edilə də bilməz – bunun üçün yüzlərlə-minlərlə valyuta satan və alan oyunçular, iqtisadi subyektlər lazımdır. Bizdə isə bir satıcı var – Mərkəzi Bank büdcəyə manat köçürmək üçün Neft Fondunun valyutasını satır, cəmi 30 alıcı var – Mərkəzi Bank o valyutanı ancaq Banklara satır. Yəni, 1 satıcı, 30 alıcı olan, əvvəlcədən də nə qədər dollar satılacağı məlum olan primitiv hərrac sistemində "üzən məzənnə" rejimi mümkün deyil.

Manatı uzun zaman sabit saxlamaq olar – bunun üçün Neft Fondunda dollar ehtiyatı var, amma bu addım iqtisadi olaraq məntiqlidirmi?! İndiki karantin rejimində ola bilər ki, bəli, məntiqlidir – zatən sosial problemlər artıb, işsizlik çoxalıb, dollar da qalxsa inflyasiya, qiymət artımı sürətlənəcək. Amma Dünya da, Azərbaycan da uzun zaman karantində qala bilməz axı – iqtisadiyyat çökür, gec-tez iqtisadi münasibətləri yenidən işə salmaq lazım olacaq, bəs o zaman "sabit manat" bizə nə verəcək?! Əgər Azərbaycan qeyri-neft istehsalını və ixracını artırmaq istəyirsə, "bahalı manat" ciddi əngələ çevrilir – qonşu ölkələrdə, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxstanda milli valyutalar 15-25% arasında artıq dəyər itirib, bu ölkələrə bizim istehsalçılar, aqrar sektor bu şərtlərlə necə ixaracat edəcək?! Tam tərsi – həmin ölkələrin milli valyutaları ucuzlaşıb deyə, onlardan ölkəmizə ixrac artacaq, qonşulardan ixrac etmək daha ucuz və sərfəli olacaq. Axı biz bu yolu 2005-2015-ci illərdə getmişik, axı gördük ki, fərx etdiyimiz "bahalı manat" bizi idxaldan kəskin asılı vəziyyətə gətirdi, daxili istehsalı məhv etdi, istehsalı bahalı və sərfəli olmayan hala gətirdi – bundan dərs çıxardıqmı?! Təəssüf ki, yox...

Natiq Cəfərli

İqtisadçı