USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Start up”dan qazanmağın yolları

04.07.2018 İqtisadiyyat
0 0
Yaxşı təşkil olunmuş ideya külli miqdarda gəlir gətirə bilər

"Start up" anlayışı 1939-cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-ın Koliforniya ştatında, Santa-Klare vadisində yaranıb. Həmin ərazi hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan "Silikon Vadisi" adlanır.

"Start up" ingilis dilindən tərcümədə başlamaq, işə salmaq mənalarını verir. Yəni, mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir projenin təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran, bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meylli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman "start up" dedikdə yalnız İT sahəsi ilə əlaqədar təşəbbüslər ağla gəlir. Lakin "start up"-lar yalnız iqtisadiyyatın həmin sahəsinə aid deyil.

Ən böyük "start up"-lara, "HP", "Facebook", "YouTube", "İnstagram", "Wikipedia" və s. misal göstərmək olar.

İqtisadçı ekspert Natiq Cəfərli "Kommersant"a açıqlamasında bildirib ki, "start up" ideyalarının əksəriyyəti internet üzərindən qurulmuş biznes növlərinə aiddir.

"Start up" son dövrün məşhur biznes növlərindən sayılır. Avropa ölkələri ilə yanaşı, son dövrlər Yaponiya, Çin, Cənubi Koreyada da sürətlə inkişaf edir. "Start up" sözünün əsas mahiyyəti ideya deməkdir. Əksər hallarda ideyanı bəyan edən şəxs biznes qurumlarına birbaşa müraciət edərək onlardan maliyyə dəstəyi almağa çalışır. Hətta öz ideyasını əsasən internetdə satışa çıxararaq müəyyən investisiya cəlb etməyə can atır. Xüsusilə xarici ölkələrdə ideya yarandıqdan sonra onu maliyyələşdirməklə məşğul olurlar. İnsanlar onlayn şəkildə həmin "start up"-ın ideya müəllifinin şərikinə çevrilirlər. Onlar hansı ideyanı cəlbedici sayırsa, o ideya ətrafında birləşərək ona vəsait qoymağa səy göstərirlər. "Facebook" da "start up" ideyasıdır. Sosial şəbəkənin ilkin versiyası 2000 dollara başa gəlmişdi. Hazırda isə onun qiyməti 10 milyard dollarla ölçülür".

Ekspertin sözlərinə görə, klassik biznes növlərinin "start up" versiyaları da mövcuddur:

"Həm istehsalla, həm də istehsal olunmuş məhsulların tanıdılmasının təşkili ilə bağlı ideyalar mövcuddur. Həmin ideyalara internet vasitəsilə iri korporasiyalar maraq göstərirlər. İdeyaları müəlliflik hüququ ilə birlikdə almağa çalışırlar. Yaxşı təşkil olunmuş ideyanın (xüsusilə ingilis dilində) beynəlxalq platformalarda keçirilən yaxşı təqdimatı alıcı və investor cəlb edə və ideya müəllifinə külli miqdarda gəlir gətirə bilər.

Çində "start up"-lar çin dilində təqdim edilir. Ölkə əhalisi çox olduğuna görə beynəlxalq bazara çıxmağa ehtiyac da duyulmur. Lakin kiçik ölkələrdə "start up" ideyalarını xüsusilə ingilis dilində beynəlxalq miqyasa çıxarmaq daha məqsədəuyğundur. Bu isə investorların diqqətini cəlb etməyə hesablanıb".

Ekspert bildirir ki, Azərbaycanın ərazisi kiçik olduğuna görə "start up" ideyalarının böyük miqdarda pul gətirməsi o qədər də cəlbedici olmur.

"İnfrastruktur olaraq Azərbaycanda "start up" ideyasının möhkəmlənməsi üçün hələ ki, kifayət qədər şərait yoxdur. Əhali arasında maarifləndirmə işlərinə ehtiyac var. İnvestorlar əsasən klassik investor təəssüratı bağışlayırlar. Yeni investisiya layihələrinə o qədər də güvənmirlər. Azərbaycan bankları "start up" layihələrinə kredit verməkdə tərəddüd edirlər. "Start up" ideyalarının inkişafı yeni iş yerlərinin yaranmasına şərait yarada bilər".

Hüquqşünas Yalçın Hacızadə isə "Kommersant"a açıqlamasında "start up"-ın hüquqi tərəflərindən danışıb:

""Start up" hüquqi və ya fiziki şəxsin müəssisə yaradaraq fəaliyyətə başlamasıdır. Hər hansı fiziki şəxs müəssisə yaradaraq fəaliyyətə başlamaq istəyirsə müəssisənin fəaliyyət növündən asılı olaraq təsisçi sənədi, nizamnamə və yerləşəcəyi hüquqi ünvanı göstərəcək obyektin sənədlərini təqdim etməklə Vergilər Nazirliyi, yaxud Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə fəaliyyətə başlayır. Müəssisə fəaliyyətə başlayana kimi bütün öhdəliklər təsisçi üzərində olur. Direktorun fəaliyyətindən ortaya çıxan problemlər (işçinin qanunsuz olaraq işdən azad edilməsi və s.) isə qanunvericiliyin inzibati xətalar məcəlləsi üzrə həllini tapır. Belə ki, direktor 1000 manatdan 1500 manata qədər cərimə edilə bilər".

  • Əvvəlki

    "Azərsu": Ölkədə su təchizatı ilə bağlı vəziyyət sabitdir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0