Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.
Bu barədə Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17% artıb, kredit kartlarının sayı isə 7% azalıb.
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil edib.
Bildirilib ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 50.7% artıb.