USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dəmir yolu nəqliyyatının modernləşməsi hansı iqtisadi səmərəni verəcək?

13.05.2020 İqtisadiyyat
0 0
Dəmir yolunun buraxılış və daşınma qabiliyyətinin artırılması üçün əhəmiyyətli həcmdə yenidənqurma tədbirlərinə ehtiyac var. Bütün bunlar isə ciddi maliyyə xərcləri tələb edir. Xüsusi ilə son bir neçə ildə Azərbaycanda dəmir yolu təsərrüfatının modernizasiyasına müəyyən investisiyalar qoyulub. Nəticədə dəmir yolu xətləri, lokomotiv və qatar parkı, hərəkətin təhlükəsizliyini və dəmir yolu şəbəkəsinin funksionallığını təmin edən infrastruktur yenilənib. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin iqtisadi səmərəsinin nədən ibarət olması maraq doğurur.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəmir yolunda iqtisadi cəhətdən effektiv sərnişin və yükdaşıma sistemini yaratmaq üçün bu təsərrüfatın yenidən qurulması labüddür.

“İstənilən təsərrüfatda olduğu kimi, dəmir yolunda mövcud güclərin modernləşdirilməsinə ehtiyac var. Bura təyinatından asılı olmayaraq dəmir yolu təsərrüfatına aid olan hər şey daxildir. Belə ki, dəmir yolu şəbəkəsinin inkişafı yeni yolların tikintisi və mövcud şəbəkənin həlqələrinin yenidən qurulması, modernləşdirilməsi üzrə əhəmiyyətli dərəcədə işlərin görülməsini tələb edir. Xətlərin modernizasiya edilməsi bir tərəfdən, dəmir yolu daşımalarının rəqabət qabiliyyətinin yüksəldilməsində vacib faktor olan sürəti artırır, əsaslı təmirarası vaxtı uzadır, xəttin ötürücülük qabiliyyətini artırır, qəzaları azaldır. Bunun üzərinə qatar və lokomotiv parkının yenilənməsi və modernləşməsini gəlsək, bütün bunlar nəticə etibarı ilə bir tərəfdən mövcud təsərrüfatın işlək vəziyyətdə saxlanması ilə bağlı xərcləri azaltmaqla vəsaitlərə qənaət etməyə imkan verir.

Digər tərəfdən, sərnişin və yük daşımalarının həcmini artırmaqla gəlirlərdə öz əksini tapır. Qeyd etdiyimiz bu iqtisadi effektin uzunmüddətliliyini təmin etmək üçün isə dəmir yolu təsərrüfatına sərmayələr mütləq davamlı olmalıdır”.

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bununla bağlı deyib ki, modernizasiya aparılarkən dəmir yolu sisteminin daha məhsuldar, daha effektiv çalışacağının şahidi olacağıq.

Onun sözlərinə görə, Azərbaycan dəmir yollarında uzun illərdir yenilənmə işləri aparılmırdı: "Lakin texnoloji tərəqqi yerində dayanmayıb, yeni icadlar, texnoloji həllər ortaya çıxır. Bu isə dəmir yolu nəqliyyatının inkişafı üçün qarşıda yeni çağırışlar qoyur. Ona görə də dəmir yolunun modernləşməsinə əlavə sərmayə qoymaq bu sektorun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Modernizasiya nəticə etibarı ilə vaxta və elektrik enerjisinə qənaət etməyə imkan verəcək.

Eyni zamanda, dəmir yolu şəbəkəsinin effektivliyi və səmərəliliyi yüksələcək. Bütün bunlar müştəri məmnunluğunu yüksəldərək, bu nəqliyyat növünə yeni sərnişinlərin və yüklərin cəlb olunmasını təmin edə bilər. Bu isə öz növbəsində daşımaların həcmini artırmaqla şəbəkənin rentabelliyində əksini tapacaq".