Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
Həyat davam edir... Bəs kredit necə?
— Kredit həyat sığortası həyatımıza necə təsir edir?
Gəlin etiraf edək, həyat gözlənilməzliklərlə doludur. Bu gün sağlamıq, sabah nələrin baş verəcəyini isə heç kim bilmir. Elə bu qeyri-müəyyənliklər də insanları maddi təhlükəsizlik barədə düşünməyə vadar edir. Xüsusilə də kredit götürən birisənsə, bu məsələ daha da vacib olur. İşdir, sabah bir hadisə baş verərsə, kredit kimə qalacaq?
Bu nöqtədə “kredit həyat sığortası” anlayışı çıxır qarşımıza. Bəli, bu ifadə bir az rəsmi səslənə bilər, amma onun arxasında çox insani, çox real bir məqsəd dayanır: “Özündən sonra ailəni borc içində qoyma!”
Kredit həyat sığortası, adından da göründüyü kimi kredit götürənin həyatında gözlənilməz hadisələr baş verdikdə (məsələn, vəfat və ya iş qabiliyyətini itirmə) qalan kredit borcunun ailəyə yox, sığorta şirkətinə keçməsini təmin edir. Yəni, sənə bir şey olsa, ailən çətin vəziyyətə düşməsin.
Bu sığorta növü həm də bankların maraqlarını qoruyur. Onlar da istəyirlər ki, kredit geri qaytarılsın, bankın aktivlərində problemli kreditlərin həcmi azalsın və ya ümidsiz borclar yaranmasın. İnsan həyatı risklərlə dolu olduğundan, bu riskin bir qismini sığorta şirkəti öz üzərinə götürür. Beləliklə, həm borcalanan (bank qarşısında öhdəliyi olan şəxs), həm də bank özünü bir qədər rahat hiss edir. Maliyyə ekosistemi də bu qarşılıqlı etimad üzərində daha sabit şəkildə fəaliyyət göstərir.
Bəs bu sığortanın bizə, yəni sıravi insanlara nə xeyri var?
Təsəvvür edin ki, ailə başçısı kredit götürüb və müəyyən səbəblərdən bank qarşısındakı öhdəliyini yerinə yetirə bilmir. Məsələn, vəfat edib. Əgər kredit həyat sığortası yoxdursa, bu borc birbaşa ailənin üzərinə düşür. Onsuz da mənəvi olaraq ağır vəziyyətdə olan ailə maddi yük altına da girir. Amma sığorta varsa, kredit borcu avtomatik silinir. Dərd üstünə bir dərd yaşanmaz.
Yəni, bu sığorta sadəcə kağız üzərində olan bir maliyyə sənədi deyil. Bu, əslində arxanda qoyduğun ailəyə qarşı son maddi məsuliyyətindir. Bu, bir növ “mən sizin arxanızdayam” mesajıdır.
Əfsuslar olsun ki, bir çox insan bu xidmətin əhəmiyyətini yalnız problem yaşadıqdan sonra anlayır. Halbuki bu sığorta məhsulu həm cəmiyyətin rifahına, həm də maliyyə mədəniyyətinin inkişafına xidmət edir. Maarifləndirmə, şəffaflıq və düzgün izah bu məsələdə əsas amillərdir.
Belə bir sual yaranır: “Kredit götürmək cəsarətdirsə, onun həyat risklərinə qarşı sığortalanmaq məsuliyyət deyilmi?”
Bəzən insanlar deyir: “Onsuz da öləndən sonra mənim üçün nə fərqi var, borcum qaldı, ya silindi”. Bu isə məsuliyyətli yanaşma deyil. Həyatda heç nə insanın yaxınları üçün təmin etdiyi güvən qədər dəyərli deyil. Kredit həyat sığortası, bu kiçik sənəd bəzən bir ailənin gələcəyini qoruyur.
Əslində bu xidmətə yalnız "ölüm sığortası" kimi baxmaq da doğru deyil. Çünki həyat təkcə ölümlə yox, eyni zamanda iş qabiliyyətinin itməsi, ağır xəstəlik və gözlənilməz hadisələrlə bizi sınaya bilər. Bu kimi hallarda da kredit həyat sığortası borcun ödənməsini təmin edə bilir. Bu isə o deməkdir ki, sən öz ailəni, övladlarını və yaxınlarını yalnız bu gün üçün yox, sabah üçün də düşünürsən.
Bəziləri bu xidmətin əlavə xərc olduğunu fikirləşə bilər. Ancaq gəlin real baxaq. Bu sığorta, ayda cəmi bir-iki fincan kofe qiymətinə başa gəlir. Amma qarşılığında ailənin üzərindən minlərlə manatlıq borcun götürülməsinə səbəb olur. Sözügedən müqayisə belə göstərir ki, kredit həyat sığortası bir seçim yox, əslində ağıllı bir addımdır.
Bir də mühüm məsələ var: şəffaflıq. Kredit götürərkən, bəzən bu sığorta xidmətləri sənədlərə avtomatik əlavə edilir və ya düzgün izah olunmur. Halbuki insan öz hüquq və öhdəliklərini bilməlidir. Bu sahədə banklar, sığorta şirkətləri və dövlət qurumları birlikdə işləməli, istehlakçı maarifləndirilməli, şərtlər açıq və başa düşülən şəkildə izah olunmalıdır. Çünki inam varsa, sistem işləyir. İnam yoxdursa, heç bir mexanizm dayanıqlı olmur.
Sonda isə hazırkı dünyada hər kəs maliyyə sabitliyinə can atır. Bu sabitliyin bir hissəsi də risklərə qarşı hazırlıqlı olmaqdan keçir. Kredit həyat sığortası məhz bu hazırlığın bir hissəsidir – səssiz, sadə, amma həyati vacib bir vasitə.
Unutma: sığortalanmaq, pis şeylərin baş verəcəyini gözləmək deyil. Sadəcə, baş vermə ehtimalına hazır olmaqdır.
Özünü və ailəni bu gün düşün – sabah gec ola bilər.