Bu gündən xüsusi məktəblərdə və Bakı, Sumqayıt və Abşeronda orta təhsil müəssisələrində tədris qismən bərpa edilir. Mövzu ilə bağlı təhsil ekspertləri fikirlərini bölüşüblər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Oruclu Pravda.az-a açıqlamasında deyib ki, pandemiya şəraitində ölkəmizdə tədrisin bərpası ciddi hadisədir: "Nəhayət ki, təhsilalanlar qismən də olsa əyani tədrisə başlayırlar. Ümid edirəm ki, bunun mənfi psixoloji təsirləri çox olmayacaq, çünki bu müddət ərzində hər-halda ənənəvi tədris olmasa da, virtual formada məktəblər tədrisi davam etdirirdi. İstisnaları nəzərə almasaq, bu prosesi psixoloji cəhətdən kritik hesab etmirəm. Təhsil müəssisələrində məktəb psixoloqları fəaliyyət göstərir və bu məsələlərdə şagirdlərə öz tövsiyələrini verəcəklər".
Ekspert vurğulayıb ki, azyaşlılarla iş, ümumiyyətlə koronavirusla bağlı onları nəzarətdə saxlamaq daha çətindir: "Bildiyimiz kimi, ibtidai siniflərdə əyani tədris daha öncə bərpa edilib. Bu müddət ərzində imkan yaranıb ki, həmin şagirdlərlə maarifləndirmə işi daha intensiv aparılsın. Əlbəttə, azyaşlıların tibbi maskadan istifadə etmək məcburiyyəti yoxdur, çünki onlar virusla bağlı aşağı risk qrupuna aiddirlər. Elə bu da yaxşı fürsət oldu və nəticədə yuxarı siniflərdən daha tez tədrisə başladılar. Beləliklə, həm sosial məsafənin qorunması mövzusunda, həm də başqa gigiyenik biliklərə yiyələnmələri üçün vaxt qazanmış oldular. Həmçinin ibtida sinif şagirdləri valideynlərin nəzarətində daha çox olduqları, yəni məktəbə valideynləri ilə bərabər gəlib-getdikləri üçün nəzarət işi bir az da asanlaşır. Ümumiyyətlə, təhsil müəssisələrində də vacib hesab edilən profilaktik tədbirlər mütləq həyata keçirilməlidir. Yoluxma hallarına gəldikdə isə, ümid edirik ki, azalma halları davam edəcək".
Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov da tədrisin ənənəvi formada qismən və tam bərpası ilə bağlı açıqlama verib.
M.Mərdanov bildirib ki, tədricən karantin rejiminin yumşaldılması, təhsil müəssisələrində tədrisin qismən də olsa bərpa edilməsi müsbət haldır: "Şükürlər olsun ki, ölkəmizdə görülən tədbirlərin nəticəsində koronavirusa yoluxanların və bu virus səbəbilə dünyasını dəyişənlərin sayı azalır. Ona görə də, tədrisin bərpası ilə bağlı qərarı alqışlayıram və arzu edirəm ki, pandemiya tamamilə sona çatsın, bütün ali və orta məktəblərdə tədris tam olaraq bərpa edilsin. Çünki bütün təhsil işçiləri və təhsilalanlar əyani tədris üçün darıxırlar. Ancaq təəssüf ki, bu hələki mümkün deyil. Ola bilər ki, tədrisin gah distant, gah əyani formada keçirilməsi şagirdlərin psixologiyasına müəyyən mənfi təsirlər göstərə bilər, lakin nəzərə almaq lazımdır ki, dövlət bütün bu tədbirləri pandemiyadan xalqımızın daha az itki ilə çıxması üçün həyata keçirir".
Qeyd edək ki, 15 fevral tarixindən etibarən xüsusi məktəblərdə tədris (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla, Bakı, Sumqayıt və Abşeronda məktəbəhazırlıq mərhələsində tədris həftədə iki dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə isə tədris həftədə 5 dəfə olmaqla bərpa edilib.