USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məmməd Məmmədovdan "tender möcüzəsi" - Un istehsalçısı inşaat şirkətinə "çevrildi"

18.10.2025 Tender
0 0
Tovuz Rayon İcra Hakimiyyəti rayonda abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Kommersant.az Qaynarinfoua istinadən xəbər verir ki, tenderin qalibi "Taleh-RT” MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 579 452,33 manat ödəniləcək.

Bu tenderin şəffaflığına müəyyən şübhələr var. Məsələ burasındadır ki, "Taleh-RT” MMC un istehsalçısı olub. Şirkət 1998-ci ildən fəaliyyət göstərir. MMC-nin əvvəlki adı "Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsi olub. Təsəvvür edin ki, şirkət cari ayın 1-dək bu adla fəaliyyət göstərib. 2025-ci ilin oktyabrın 1-də isə şirkətin adı dəyişdirilərək "Taleh-RT” MMC adlandırılıb. Bundan sonra MMC abadlıq işləri ilə bağlı tenderin qalibi elan edilib.

Araşdırmalarımız zamanı məlum olub ki, Tovuz Rayon İcra Hakimiyyəti bundan əvvəl də sözügedən şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilədə də abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə də mediada da yazılıb və şirkətin adına xüsusi diqqət çəkilib. Görünür, bundan sonra MMC-nin adının dəyişdirilməsi zərurəti yaranıb.

Lakin dövlət satınalmalarının elektron portalında hələ də şirkətin adı "Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsi kimi qeyd edilir. Ehtimal olunur ki, şirkət tenderə qatılanda hələ adı dəyişdirilməyib. Addəyişmə müsabiqə prosesində baş tutub.

"Taleh-RT” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı cari ilin yanvar ayınadək Tovuz rayonu, Qovlar şəhəri, vağzal, ev 26 olub. Yanvar ayından bu yana isə MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, ev 22/182, mənzil 28-də yerləşir.

"Taleh-RT” MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumat gözə dəymir.

Adətən bu tip şirkətlərdən tender oyunlarında istifadə edilir. Nəzərə alsaq ki, "Taleh-RT” un istehsalçısından tikinti şirkətinə "çevrilib”, o zaman bu MMC-nin də tender mafiyasının siyahısında olan şirkətlərdən hesab etmək olar.

Bəzi iddialara görə isə "Taleh-RT” MMC Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova yaxın şirkətdir.

Məmməd Məmmədov 2018-ci ildən Tovuzun icra başçısıdır. "Taleh-RT” MMC-nin Tovuz Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi seçilməsi məhz onun dövründən başlayır.