“Azərbaycanda ümumiyyətlə bank hansısa məhsulunu kreditlə satışa çıxaranda orada faiz elan edirlər. Bu faizləri 11-14 faiz arası elan etsələr də, hesablama aparanda görürsən ki, həmin faizlər 23-24 faizə qədər gəlib çıxır”.
Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Asif İbrahimov Mərkəzi Bankın sədri Taleh Kazımovun səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
İqtisadçı bildirib ki, Azərbaycanda hətta bəzi banklar var ki, onların illik kredit faizi 31-33 faizə qədər gəlib çıxır:
“Ona görə də, belə bir fikirləri səsləndirəndə hər zaman reallığı nəzərə almaq lazımdır. Keçən dəfə də belə bir hadisə olmuşdu. Milli Məclisin İqtisadi Siiyasət və Sənaye Sahibkarlıq Komitəsinin iclasında inflyasiya ilə bağlı məsələdə cənab Kazımov öz fikrini bildirmişdi ki, Azərbaycanda elə bir inflyasiya yoxdur. Amma faktiki olaraq Azərbaycanda cüt rəqəmli inflyasiya əmsalı baş verir. Yəni Azərbaycan vətəndaşı piştaxtada konkret olaraq, dünənləri 11-12 manata aldığı yağı bu gün19 manata alırsa, deməli, burada inflyasiya baş verib və heç cür 8-10 faiz inflyasiyadan söhbət gedə bilməz. Konkret olaraq Azərbaycan vətəndaşı bu inflyasiyanı da yaşayır və bu kredit faizinə gəldikdə isə, biz orada bir çox rəqəmlər səsləndirə bilərik. Amma orta statistik Azərbaycan vətəndaşı bankda gedir öz adına və yaxud kiminsə adına 13-14 faizlə kredit götürürsə, lakin hesabladıqda görürsən ki, həmin rəqəmlər 21-23 faizə gəlib çıxır. Hətta Azərbaycanda elə banklar var ki, illik 31-33 faizlə müştərilərə kredit verir”.
Asif İbrahimov qeyd edir ki, hadisələrə diqqət yetirəndə statistik rəqəmlərə yox, real faktlara baxmaq lazımdır:
“Konkret olaraq keyslərə baxmaq lazımdır ki, Məmmədov Məmməd hansı əmsalda, hansı illik faizlə kredit götürüb? Hesabladıqda görürsən ki, rəsmi olaraq bir çox banklarda, məsələn, AFB Bank da 16-17 faiz, Sənaye Bankı da 18 faiz, VTB Bankda 22-24 faiz arasında kredit verirlər. BTB bank da 25 faiz ə qədər kredit verirlər. Yəni rəsmi olaraq açıqladıqları rəqəmlərdi, amma orda müəyyən xərclər və təbii ki, kreditin ödənilmə müddəti - uzunmüddətli yaxın müddətdə olmağından asılı olaraq bu kimi faizlər mövcuddur”.