Kommunal xidmət tədbirlərini “Azərenerji” 50%, SOCAR 46%, “Azərişıq” 38% icra edib

23.07.2018 İqtisadiyyat
Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb

Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə" hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, yeddi strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 68 faizdir. Adıçəkilən strateji yol xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 55 faizinin icrası tamamlanıb, 25 faizi qismən icra edilib və 20 faizi icra edilməyib.

Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin 91 faizi icra edilib və 9 faizi icra edilməyib. Bu strateji hədəf üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olan vəsaitlərdən istifadə Qaydası" təsdiq edilib. Buna müvafiq olaraq, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin yeni sxem üzrə avtomatik rejimdə aparılmasına başlanılıb.

Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin ikinci strateji hədəfi olan "Tam şaxələndirilən və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi" hədəfinin icra səviyyəsi belə olub: 56 faiz tam icra, 36 faiz qismən icra və 18 faiz icra edilməyib. Bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb və elektrik enerjisinə ölkədaxili ehtiyac proqnozlaşdırılıb.

Ölkənin alternativ və bərpa olunan enerji potensialı qiymətləndirilərək, enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, enerji potensialını ümumilikdə 5540 MVt olmaqla, müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirilib. Elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib.

Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf - Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması - üzrə tam icra 42 faiz, qismən icra 25 faiz olub. 33 faiz tədbir isə icra olunmayıb. Bu hədəf çərçivəsində elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Tarif dəyişikliklərinin elektrik sərfiyyatına təsirini qiymətləndirmək məqsədilə 2016-cı ilin ilk 9 ayı ilə 2017-ci ilin eyni dövrü üzrə elektrik enerjisi istehlakının səviyyəsi müqayisəli şəkildə təhlil edilib. Elektroenergetika sektorunda istehsalın, ötürmənin, paylanmanın, istehlakın, alqı-satqının və enerji bazarının hüquqi əsaslarını müəyyən edən əsas qanun olaraq "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanıb.

Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi olan "Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması"nın 2017-ci ilə aid tədbirlərinin 27 faizi icra edilib, 33 faizi qismən icra edilib və 40 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulan tədbirlərə uyğun olaraq qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb. "Qaz İxrac İdarəsi" üzrə qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnunluğunun artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi ilə bağlı 2017-2020-ci illəri əhatə edən 19 bənddən ibarət tədbirlər planı hazırlanıb. Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı xarici təcrübə öyrənilib.

"Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması" adıçəkilən yol xəritəsinin beşinci hədəfi olmaqla 2017-ci il üzrə icra vəziyyəti belədir: 78 faiz icra edilib, 20 faiz qismən icra edilib. Bu hədəfdə əksini tapan tədbirlərin icrası nəticəsində regionlarda 170 kiçik yaşayış məntəqəsi üzrə baş planlar işlənib hazırlanıb. 2018-ci il 1 yanvar tarixinə qeyri-əhali üzrə sayğaclı abonentin sayı 49 575 ədəd, sayğaclaşma faizi isə 87.1 faiz olub. Sayğaclı abonentlərin sayı 2017-ci ilin əvvəlinə nisbətən 1352 ədəd, sayğaclaşma faizi isə 5,1 faiz artıb.

2017-ci il ərzində büdcə vəsaiti hesabına infrastrukturun təkmilləşdirilməsi məqsədilə Abşeron yarımadası üzrə ümumilikdə 27,4 km magistral, 177,4 km şəbəkə, 16,1 km kanalizasiya və 30,6 km yağış suları xətləri çəkilib, 2 ədəd su nasos stansiyası və 1 ədəd kanalizasiya nasos stansiyası tikilib, 55 min ədəd su sayğacı quraşdırılıb.

Altınci strateji hədəf olan "Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi" hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 50 faizi icra edilib, 50 faizi qismən icra edilib. Bu istiqamətdə görülən işlər çərçivəsində Abşeron yarımadasında infrastrukturun zəif olduğu ərazilər üzrə su təchizatı və kanalizasiya layihələrinin mərhələli icrası məqsədi ilə 2018-2024-cü illər üçün infrastruktura tələb olunan investisiya xərcləri göstərilməklə tədbirlər planı hazırlanıb. 2016-cı illə müqayisədə 2017-ci ildə şəbəkəyə verilən suyun miqdarı 35.5 milyon m3 , itki faizi 0.8 faiz azalıb. Ölkədə su ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi, su təsərrüfatı balansının tərtib edilməsi və bu sahədə fəaliyyət göstərən bütün subyektlər arasında ödənişlərin tənzimlənməsinin qanunvericilik əsaslarının müəyyən edilməsi məqsədilə, aidiyyəti qurumlarla razılaşdırılmaqla, "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu qəbul olunub.

Su və kanalizasiya xidmətləri üzrə mövcud qiymətlərin müqayisəli təhlili və optimal tarif səviyyəsinə uyğunlaşdırılması ilə bağlı araşdırmalar aparılıb.

Strateji yol xəritəsinin sonuncu "Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması" hədəfinin 2017-ci ildə yalnız 69 faizi tam icra edilib, 17 faizi qismən icra edilib və 14 faizi icra edilməyib. Bu hədəf çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında istilik təchizatı sistemlərinin fəaliyyəti ilə bağlı monitorinqlər davam etdirilib, qiymətləndirmələr aparılıb, yenidən qurulması, modernləşdirilməsi və tikintisi nəzərdə tutulan bəzi obyektlər üzrə istilik mənbələrinin layihə-smeta sənədləri hazırlanaraq razılaşdırmaya və ekspertizaya təqdim edilib və zəruri mühəndis hazırlığı işləri aparılıb. "İstilik enerjisindən istifadə qaydaları"nın layihəsi və "Büdcə təşkilatlarında kommunal xidmətlərin və resursların istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarının layihəsi hazırlanıb.

Özəl və kommersiya yönümlü istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təhlillər aparılıb, istilik itkilərinin minimuma endirilməsi və xərclərin azaldılması istiqamətində işlər görülüb.

Əsas icraçı qurumların fəaliyyətinə gəldikdə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini, "Azəristiliktəchizat" ASC isə 93 faizini yerinə yetirib.

İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 89 faizini, "Azərsu" ASC 79 faizini, Maliyyə Nazirliyi 75 faizini, Tarif (qiymət) Şurası 67 faizini, Energetika Nazirliyi 64 faizini yerinə yetiriblər. Digər qurumlardan isə " "Azərenerji" ASC 50 faiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 46 faiz, "Azərişıq" ASC 38 faiz icra göstəricilərinə malikdirlər.\