Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 710 milyon kVt·st elektrik enerjisi ixrac edilib.
Kommersant.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 266 milyon kVt·st və ya 60% artıb.
Belə ki, 2024-cü ilin birinci yarımilində Azərbaycandan 444 milyon kVt·st elektrik enerjisi ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.
Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 mln. kVt·st təşkil edib.