USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“OPEC plus” qərarı ölkəmizin maraqlarına tam uyğundur"

03.07.2019 İqtisadiyyat
0 0
Vyanada “OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC-ə üzv və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.

Energetika Nazirliyindən bildirilib ki, "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü "OPEC plus" əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: "OPEC və qeyri-OPEC ölkələri arasında "Əməkdaşlıq Xartiyası" sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək".

İclasda qeyri-OPEC ölkələrinin nazirləri, həmçinin OPEC-in gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təklif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"nə imza atılıb.

P.Şahbazov qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün "OPEC plus" ölkələrinin bu qərarına da münasibət bildirib. "Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. "OPEC plus" ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq "Əməkdaşlıq Bəyannaməsi"nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası bu ilin iyulun 1-dən 2020-ci il martın 31-dək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə "OPEC plus" ölkələrinin kvotaları isə dəyişməz qalır.

  • Əvvəlki

    Azərbaycan nefti yenidən ucuzlaşdı

Digər xəbərlər