USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft bazarında nəhənglərin savaşı: Moskva və Ər-Riyad fəlakət astanasında

18.05.2020 İqtisadiyyat
0 0
Son iki ay yarımda dünya neft bazarı çox ciddi hadisələrin təsiri ilə "haldan-hala” düşdü. Martın əvvəlində başlayan neft nəhənglərinin savaşına daha sonra koronavirus pandemiyasının yaratdığı kollaps əlavə olundu. Nəticədə savaş onu başladanların özləri üçün ciddi nəticələrə yol açdı.

ABŞ-ın neft bazarında artan payını azaltmağa çalışan Rusiya, Rusiyanın mövqelərini zəiflətmək istəyən Səudiyyə Ərəbistanı, nəhayət, Moskva ilə Ər-Riyadın neft hasilatı sahəsindəki işbirliyini pozmaq istəyən ABŞ. Dünyanın ən böyük neft hasilatçıları olan bu ölkələr son iki ay yarımda elə bir şok yaşadılar ki, böyük ehtimal, bundan sonra hər xırda detalı hesablamadan bazarda böyük oyunlar qurmağa hələ uzun müddət cəsarət etməyəcəklər...

Martın əvvəlində 60 dolların üstündə olan neft qiymətləri hazırda 30-u aşa bilmir. Neft bazarı tarixinə qara hərflərlə yazılan aprel ayında hətta qiymətlər mənfiyə də düşdü. Hətta bir neçə gün əvvəl neft hasilatını OPEK+ çərçivəsində əldə edilən razılaşmadan əlavə daha 1 milyon barel azaldacağını bəyan edən Səudiyyə Ərəbistanının bu addımı belə qiymətlərə cəmi bir neçə saat 1 dollar əlavə edə bildi ki, o da tezliklə geri "oxundu".

ABŞ nə itirdi?..

Baş verənlərdən dünyanın 3 neft nəhəngi müxtəlif dərəcələrdə təsirləniblər. Başlayaq ABŞ-dan. Şist neftin qiymətindəki kəskin dəyişikliklər bu ölkənin neft sektoruna çox ciddi zərər vurdu – bu danılmazdır. Ölkə onsuz da koronavirus pandemiyası üzündən zərərdədir. Bu ilin mart ayında ABŞ-ın ticarət balansının defisiti fevral ayı ilə müqayisədə 11,6 faiz artaraq 44,4 milyard dollara çatıb. ABŞ Ticarət Nazirliyinin açıqladığı statistikadan aydın olur ki, fevralda 39,8 milyard dollar olar ticarət kəsiri mart ayı ərzində 4,6 milyard dollar artmaqla 2018-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Üçüncü ayda ABŞ-ın ixracı 9,6 faiz alaraq 2016-cı ilin noyabrından bəri ən aşağı səviyyəyə düşməklə 187,7 milyard dollar təşkil edib. İdxal da 6,2 faiz azalaraq 2009-cu ildən bəri ən aşağı həddə düşüb və 232,2 milyard dollar olub.

Üstəlik, qiymətlərin kəskin azalması, alıcının tapılmaması üzündən neft kəşfiyyatı və hasilatı sahəsində fəaliyyət göstərən kiçik və orta ABŞ şirkətlərinin əksəriyyəti iflas həddinə gəlib çatıb. Maliyyə nəhəngi "Morgan Stanley"nin məlumatına əsasən Occidental Petroleum, Continental Resources, Callon Petroleum Company, Chesapeake Energy Corporation, Oasis Petroleum, Murphy Oil Corporation və digər bir neçə şirkətin vəziyyəti daha pisdir. Ölkədə şist neft hasilatı ilə məşğul olan onlarla şirkət investisiya proqramlarını, işçilərini ixtisar etdiklərini açıqlayıb. Neftin 40-50 dollarına hesablanmış ABŞ neft sektorunda son illərdə maya dəyərinin aşağı salınması üçün atılan addımlar bəhrəsini verib: bəzi şirkətlər neftin 35-40 dollar, bəziləri 25-35 dollar qiymətində iflasdan yayına bilərlər. Lakin heç də bütün şirkətlər buna nail ola bilməyib. Buna görə də ABŞ hökuməti neft şirkətlərini dəstəkləmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bunlardan biri Main Street kredit proqramını şərtlərində dəyişiklik olunmasıdır. Prezident Donald Tramp hökumətə neftçilərin də ondan yararlanmasına şərait yaradılmasını tapşırıb. Lakin böyük həcmdə borcları olan bəzi şirkətlər bu proqramdan yararlana bilməyəcəklər. Buna görə də neft quyularının sayı azalmağa davam edir. Lakin nəzərə alsaq ki, neft ABŞ iqtisadiyyatının aparıcı sahəsi deyil, bu zaman azalan qiymətlərdən dəyən zərərin bu ölkəyə digər iki ölkədən daha az zərər vurduğunu rahatlıqla söyləmək olar.

Səudiyyə daha çox zərərdə görünür

Səudiyyə Ərəbistanı ucuzlaşan neft qiymətlərindən ABŞ-a nisbətən daha çox zərər çəkib. Qeyd edək ki, bu ölkənin büdcəsi neftin 70-80 dollarlıq qiyməti əsasında hazırlanır. Bundan aşağı qiymət olduqda çatışmayan vəsaitlər dövlətin valyuta ehtiyatlarından təmin olunur. Buna görə də neft qiymətləri kəskin düşdüyü mart ayında hökumət iqtisadiyyatı dəstəkləmək üçün 27 milyard dollar xərcləməli olub. Bundan əlavə, valyuta bazarında stabilliyi saxlamaq üçün Səudiyyə Mərkəzi Bankı öz ehtiyatlarından böyük həcmdə xərcləməyə gedib. Nəticədə ölkənin valyuta ehtiyatları 2011-ci ildən bəri ən aşağı həddə - 464 milyard dollara düşüb. Bundan əlavə, büdcə kəsirini qapatmaq üçün ölkə beynəlxalq kapital bazarından da 19 milyard dollarlıq borc cəlb etməyə məcbur olub.

Neft gəlirlərinin azalması Kral ailəsini, xüsusilə varis şahzadə Məhəmməd ibn Salmanı çətin duruma salıb. Hökumətin qəbul etdiyi qərara əsasən 2 il əvvəl 5 faiz olaraq tətbiq edilən Əlavə Dəyər Vergisinin həcmi 1 iyuldan 15 faizə qaldırılacaq. Gələn ayın 1-dən isə Səudiyyə əhalisinin bir qisminə yaşayış minimumu ödənişi dayandırılır. Ayda 1000 real (266 dollar) təşkil edən bu vəsait dövlət qulluqçuları və hərbçilərə 2018-ci ildən tətbiq olunan ƏDV-dən və benzinin bahalaşmasından çəkdikləri zərəri kompensasiya etmək üçün ödənilirdi.

Məhəmməd ibn Salmanın "Vision 2030" adlı strategiyasının tərkib hissəsi olaraq 2018-ci ildən ölkədə büdcə gəlirlərinin diversifikasiyası üçün ciddi islahatlara başlanmışdı. ƏDV, həmçinin xarici işçilərə tətbiq olunan vergi, alkoqolsuz içkilər və tütünə aksizlər də bu islahatlar paketinə daxil idi. Lakin xarici mənbələrin məlumatına görə, hələ də büdcənin 90 faizi neft-qaz sektorundan formalaşmaqdadır.

Hazırda ölkənin xərcləri gəlirlərini xeyli üstələyir. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci rübündə büdcə kəsiri 9 milyard dollara çatıb. Neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalmaqla 34 milyard dollara düşüb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Səudiyyə Ərəbistanının Ümumi Daxili Məhsulu cari ildə 2,3 faiz azalacaq. Ölkə büdcəsinin kəsiri isə ÜDM-in 13 faizinə yüksələcək. Bundan əvvəl Ər–Riyad xarici borcun ÜDM-ə nisbətini 30 faizdən 50 faizə qaldırıb.

Rusiya...

Moskva neftin aşağı qiymətlərindən çəkdiyi zərəri açıqlamamağa üstünlük verir. Rusiya mətbuatında təbliğatın ana xətti ölkənin valyuta ehtiyatlarının neftin aşağı qiymətlərinə uzun müddətə dözməyə imkan verməsidir. Artıq hər kəsə aydındır ki, Rusiya neft hasilatının azaldılmasına dair OPEK+ ölkələrinin birinci razılaşmasından çıxarkən koronavirusun yaradacağı qlobal böhranı nəzərə almamışdı. Koronavirus pandemiyası dünyanı durğunluğa məhkum etməzdən öncə - martın ortalarında Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, ölkənin topladığı valyuta ehtiyatları 5-6 il aşağı qiymətlərə dözməyə imkan verəcək. Lakin Rusiyanın müstəqil mütəxəssisləri bildirirlər ki, ölkənin iki ən böyük dövlət şirkəti olan "Rosneft" və "Qazprom"un birgə borcu 11 trilyon rubla yaxındır ki, bu da Milli Sabitlik Fondunun cari ilin 1 aprelinə olan həcminə bərabərdir. Yəni aşağı neft və ona bağlı qaz qiymətləri davam edərsə, hər iki şirkət borcunu qaytarmağa vəsait tapmaya bilər və hökumət onların borclarını öz üzərinə götürməyə məcbur olar. Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Universitetlərinin ekspertləri hesab edirlər ki, tezliklə Rusiya da Səudiyyə kimi sosial xərcləri azaltmaq, vergiləri artırmaq yolu ilə getməli olacaq.

Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa daha gec müddətə baş verərsə, Şimal qonşumuz neft hasilatını daha çox həcmdə azaltmalı olacaq. Məlumdur ki, bu ölkədə hasilatda köhnə yataqların, quyuların payı yüksəkdir. Belə quyularda hasilatın bir dəfə dayandırılması onların yenidən bərpası mümkün olmadan aparıla bilər. Aşağı qiymətlər şəraitində şirkətlərin nəinki yeni quyuları qazmağa imkanı olmayacaq, həm də geoloji kəşfiyyat xərcləri də kəskin azaldılacaq. Bütün bunlar neftə tələb artmağa başlasa belə, Rusiyanın ixrac həcmlərini artırmaq imkanında olmamasına gətirib çıxara bilər. Bu isə Moskvanın qorxulu yuxusunun çin olması – Səudiyyə Ərəbistanı və ABŞ-ın onun bazar payını əldə etməsi deməkdir.

"Argus" qiymət agentliyinin analitiklərinin hesablamalarına görə, 2020-ci ildə neftin orta qiyməti 27,7 dollar olarsa, Rusiya neft sənayesi qiymət enişi və OPEK+ çərçivəsində hasilatın azaldılmasından 18-20 milyard dollar itirəcək. Neft ixracına tətbiq edilən verginin azaldılması nəticəsində ölkə büdcəsi bundan 3 dəfəyədək çox itirəcək – 50 milyard dollara yaxın. Lakin aprel-iyunda qiymətlər 27,7 dollardan kəskin aşağı olacaq. Hətta apreldə neft dəyərindən aşağı qiymətə satılıb. Ölkədə tətbiq olunan karantin rejimi-hərəkət məhdudiyyəti neft məhsullarına tələbatı azaltdığı üçün emal da kəskin azalmaqdadır.

Qeyd edək ki, Rusiya hökuməti bu il üçün neftin orta qiymətini 57 dollar hesablamışdı. Gözlənilirdi ki, bu qiymətlər şəraitində ölkənin büdcəsinə 89,2 milyard dollar gəlir daxil olacaq. "Argus"un hesablamalarına görə, indiki şərtlər daxilində bu məbləğ 39 milyard dollara düşəcək.

Aprel ayında Rusiya nefti "Urals"ın bir bareli 16 dollardan azca yuxarı olub. Bu isə maya dəyərindən 3 dollara yaxın aşağı qiymətdir. Aşağı qiymətlər nəticəsində təkcə may ayında Rusiya büdcəsi 190,1 milyard rubl neft-qaz gəlirindən məhrum olacaq. Ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumata görə, aprel ayında büdcə bu mənbədən 59 milyard rubl az gəlir əldə edib. 2020-ci il ərzində büdcənin itirdiyi gəlirin həcmi ümumilikdə 4 trilyon rubl olacaq ki, bunun da 1,5 trilyon rublu neft-qaz sektorundan azalan gəlir olacaq.

Gözləntilər...

Ümumilikdə bu "dava"dan kiminsə qalib çıxdığını söyləmək qeyri-mümkündür: nə böyük, nə kiçik satıcılar, nə də alıcılar. Karantin və neft qiymətlərinin kəskin düşməsi bütün neft ixracatçılarını ciddi zərərə uğratdı. Buna görə də hamının diqqəti pandemiyanın təsirlərinin zəifləməsinə yönəlib. Az qala bütün analitik mərkəzlərin rəyi bir nöqtədə kəsişir: neftin qiyməti dünya iqtisadiyyatının bərpa sürətinə bağlıdır. Bərpa nə qədər tez olacaqsa, neft qiymətləri də bir o qədər tez yüksələcək...

Qaynarinfo

  • Əvvəlki

    “ATB Business” hər bir sahibkarın ən fəal köməkçisidir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0