USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar əmr icraatından məhrum ediləcək - EKSPERT ŞƏRHİ

13.08.2018 İqtisadiyyat
0 0
2019-cu il yanvarın 1-dən etibarən banklar və mobil operatorlar borclulara qarşı əmr icraatından istifadə edə bilməyəcəklər.

"Kommersant.az" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən reallaşacaq. Belə ki, 276.2.2-ci maddədə "bağlanmış əqdə" sözlərindən sonra "(lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla)" sözləri əlavə edilib.

"Qanunun qüvvəyə minməsi ilə lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər əmr icraatı qaydasında tələb edilə bilməz".

Bunu redaksiyamıza açıqlamasında Hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, əmr icraatından əsasən kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) və mobil rabitə operatorlar istifadə edir:

"Məhkəmələr kütləvi şəkildə onların müraciəti əsasında borclulara (əsasən fiziki şəxslərə) qarşı əmrlər çıxarır. Əmr icraatı sadələşdirilmiş icraat növüdür. Mülki Prosessual Məcəllənin 23-cü fəsli ilə tənzimlənir. Əsasən pul tələbinə aiddir. Məsələn, vətəndaş bankdan kredit götürüb və hər hansı səbəbdən ödəmir. Bank məhkəməyə ərizə ilə müraciət edir və borcluya qarşı əmr verməsini xahiş edir. Məhkəmə 3 gün ərzində ya ərizəni rədd edir, ya da tərəfləri çağırmadan, baxış keçirmədən borcun ödənilməsinə dair əmr verir. Düzdür, əmri aldıqdan sonra borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Bundan sonra məhkəmə əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə iclaslar keçirməlidir".

Ekspert vurğulayıb ki, əksər hallarda borclu vətəndaşlar hüquqlarını bilmədikləri üçün əmr icraatı qarşısında aciz qalırlar:

"Məhkəməyə yazılı etiraz vermirlər, ümumiyyətlə, barələrində qiyabi məhkəmə aktı çıxarıldığı üçün vahiməyə düşürlər. Son zamanlar isə bəzi hakimlər ümumiyyətlə çıxardıqları əmri borclulara göndərmir. Vətəndaş əmrin çıxarıldığı barədə məlumatı yalnız icra məmuru onu dəvət edəndə bilir (əslində, həmin anda onun yazılı etiraz vermək üçün hələ 10 günü var, lakin bunu bilmir). Təbii, bu halda vətəndaş daha çox qorxmağa başlayır. İcra məmuru da bu qorxunu şiddətləndirir. Vətəndaşdan heç soruşan da yoxdur ki, əmri alıbmı, etiraz hüququnun olduğunu bilirmi və s. Bir sözlə, vətəndaşda dövlətə, ədalət mühakiməsinə inamsızlıq yaranır. Düşünməyə başlayır ki, gör bu banklar nə qədər güclüdür ki, məhkəmə onun iştirakı olmadan qərar çıxarıb və artıq icraya da yönəldib".

Ə.Həsənov qeyd edib ki, bu baxımdan yeni qayda vətəndaşların xeyrinə olacaq:

"Dəyişikliyə əsasən, banklar, mobil operatorlar notariuslara müraciət edə biləcəklər. Notarius icra qeydi edə biləcək. Vətəndaşın həmin icra qeydindən məhkəməyə şikayət etmək hüququ var. Bu, istənilən halda vətəndaş üçün əmr icrasından daha yaxşıdır. Vətəndaşa əvvəlcədən bildiriş veriləcək. Əmr icrasında vətəndaş bilmirdi ki, bank onun haqqında məhkəməyə müraciət edib. Burada isə vətəndaşa əvvəlcədən bildiriş veriləcək ki, barəsində notariusa müraciət ediləcək. Vətəndaş artıq o anda müəyyən tədbirlər görə bilər. Notarius icra qeydini edəndən sonra vətəndaş yenə də məhkəməyə şikayət verə biləcək".