Nabran çimərlikləri tarixə qovuşur? - FOTO

13.06.2019 Sosial
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində keçirdiyi monitorinqin nəticələrinə əsasən Nabran bələdiyyəsinin ərazisindəki çimərliklərin istifadəyə yararsız olduğu aşkarlanıb.

"Kommersant.az" bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Antalyası hesab edilən Nabranda 60-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Hər il bura minlərlə yerli və xarici turist istirahətə gəlir. Ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar isə ilk dəfədir çimərliyin yararsız olması ilə bağlı qərar qəbul edildiyini deyirlər. Turizm obyektlərinin sahibləri turistlərin gəlməyəcəyindən çox narahatdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki turizm obyektlərini mütəmadi olaraq cərimələməsi onu deməyə əsas verir ki, Nabran çimərliklərini istifadəyə yararsız vəziyyətə salan səbəblərdən başlıcası elə sözügedən obyektlərdir.

Turizm eksperti Həzrətqulu Əhmədov Oxu.Az-a açıqlamasında bildirir ki, ərazidə kanalizasiya sisteminin olmaması Xəzərin çirklənməsinə səbəb olur. Xüsusən də böyük turizm obyektləri xeyli vəsait qazansalar da dənizin çirklənməməsi üçün lazım olan qurğuları quraşdırmırlar. Nabrandakı çimərliklərdə bakteriyaların insana zərərli olacaq qədər çox olmasının başlıca səbəbi də budur.

Turizm eksperti ölkəyə bu qədər turistin səfər etdiyi bir dövrdə Nabranın qonaqların üzünə bağlı olmasının xeyli turist azalmasına səbəb olacağını deyir. Nabranın imicini itirməməsi üçün isə həm turizm obyektlərinin sahibləri, həm də qurumlar hərəkətə keçməlidir.

Adı ilə məşhur olan Nabrandan fərqli olaraq Xaçmazın digər sahilləri - Yalama, Seyidlər və İstisu bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğundan bu yerlər çimmək üçün yararlı hesab olunur.

VTB