Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.