USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bugün də yaxşı xəbər olacaq"

21.10.2020 İqtisadiyyat
0 0
"Cənub cəbhəsində şiddətli döyüşlərdə Azərbaycan ordusunun irəliləməsinə dair məlumatlar daxil olmaqdadır. Zəngilan və Qubadlının da coğrafiyasına və relyefinə yaxşı bələd olduğumdan, eləcə də ordumuza güvəndiyimdən bugün də yaxşı xəbər gözləntilərim vardır. Əminəm ki, bu barədə tezliklə rəsmi mənbələrdən məlumat alacağıq".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı toplantısına da toxunub: "Oktyabr ayından BMT Təhlükəsizlik Şurasına rəhbərliyi Rusiya edir, xatırlayırsınızsa bundan əvvəl sentyabrın 29-da keçirilən iclasa Nigerin nümayəndəsi iclasa sədrlik edirdi. Dünənki iclas barədə mətbuata verilən qısa açıqlamadan məlum olur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri yenə də tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar. Regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı lazımdır. Qeyd olunub ki, belə müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər, müşahidə misiyasında kmlərin olacağı və hansı vəzifəni icara edəcəyi müzakirə olunmayıb. Görsənən odur ki, Rusiya hələ də BMT-nin Təhlükəsizlik Şurasının xüsusi mandatı əsasında ATƏT-in müşahidə missiyası adı ilə Qarabağa gəlməkdə israrlıdır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi deyib ki, "bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub". Ümid edək ki, Azəbaycan ordusu tezliklə Qarabağı azad edəcək və buna ehtiyac qalmayacaq, ehtiyac qalsa da, Azərbaycan xalqı öz ərazisində əcnəbi əsgərlərin olmasına heç vaxt razılıq verməyəcək. Erməni mənbələrinin açıqlamasına görə, BMT Təhlükəsizlik Şurasının dünənki toplantısından narazı qalıblar. Görünür ki, onların gözləntiləri özünü doğrultmayıb. Hazırda onların ən böyük gözləntisi Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmasıdır. Odur ki, ermənilər xüsusilə də Minsk Qrupunun həmsədrləri olan ABŞ-da, Fransada və Rusiyada bununla bağlı iş aparır, yürüşlər təşkil edir və parlamentlərdə bu məsələni üçün müzakirə açmağa çalışırlar. Belə olan halda haqlı olaraq sual çıxır ki, bəs ermənilər özləri Dağlıq Qarabağın müstəqiliiyini nədən tanımırlar? Bildiyiniz kimi ermənilər bir tərəfdən Qarabağda olan bütün torpaqları öz əraziləri kimi təqdim edirlər. Hətta Paşinyan "Qarabağ Ermənistandır" deyəndə bu bəyanatın siyasi, hüquqi, diplomatik və iqtisadi nəticələrini düşünməmişdi və yaxud düşünməyə ağlı çatmamışdı. Məsələ burasındadır ki, onlar digər tərəfdən də dünya birliyinə guya Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etmək istədiklərini çatdırıb, onlardan dəstək umur və hazırda Qarabağa ərazi iddialarının olmadığını göstərmək istəyirlər. Əgər ermənilər Dağlıq Qarabağı respublika kimi tanısa, o deməkdir ki, müharibədən və danışıqlardan çıxmalıdırlar. Çünki beynəlxalq hüquqa görə onların Dağlıq Qarabağa maliyyə və hərbi dəstək vermək üçün tərəflər arasında hüquqi normaları tənzimləyən ikitərəfli müqavilələr imzalanmalıdırlar. Hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz. Ona görə ki:

1) ABŞ Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir.

2) Avropa İttifaqınin (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin 31 mart 2020-ci il tarixində dərc etdiyi bəyanatda Aİ Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımadığını təsdiq edib.

3) Avropanın ən böyük dövlətləri Azərbaycanla ərazi bütövlüyümüzə hörmətin vurğulandığı ikitərəfli sənədlər imzalayıb.

Belə olanda halda özləri tanınmayanların (Osetiya, Abxaziya, Dnestryanı) tanıdığı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı erməni lobbisinin apardığı işin heç bir perspektivi yoxdur. Bəs, nədən ermənilər bu işə bu qədər pul xərcləyirlər? Bu sualın ən yaxşı cavabını ABŞ prezidenti Donald Tramp ötən bazar günü Nevada ştatından çıxışında ermənilər haqqında dediyi fikirdə axtarmaq olar: "onlar biznes işini yaxşı bilirlər." Həqiqətən də hazırda ermənilərin beynəlxalq səviyyədə apardığı Dağlıq Qarabağın tanınması, Azərbaycanın və Türkiyənin mövqeyinin pislənməsi kampaniyası kiminsə üçün pul, kiminsə üçün səs və kiminsə üçün də nüfuz qazanmaq vasitəsinə çevrilib. ABŞ-da noyabrın 3-də prezident və konqressə keçiriləcək birgə seçkilərdə iştirak edənlər yalançı ermənipərəstliklə bu fürsətdən (onların bu ölkədə 1,5 milyon səsinin olduğu bildirilir) faydalanmağa çalışırlar. Odur ki, bu məsələlərdən ciddi narahatlıq keçirməyə dəyməz. Əsas məsələ yenilməz və xilaskar Azərbaycan ordusunun zəfər yürüşünün sonadək davam etdirməsi və Şuşada Azərbaycan bayrağını dalğalandırmasıdır. Yollar açıq və aydın olsun!".

  • Əvvəlki

    “Böyük qayıdış astanasındayıq” - İlham Əliyev

Digər xəbərlər