Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır

26.04.2019 Nəqliyyat
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

"Kommersant.az"-ın məlumatına görə, şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı keçiriləcək.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

VTB