USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ödəmə vaxtı keçmiş kreditlərə möhlət verilə və silinə bilər

25.05.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib.

"Kommersant.Az" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.

Görüşdə iştirak edən bankların nümayəndələrinə işçi qrupu tərəfindən “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb.

Restrukturizasiya– öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsidir.

Restrukturizasiyanın bir neçə növü vardır, onlar həm ayrılıqda, həm də kompleks şəkildə tətbiq edilə bilər.

-Ödənişin müddətlərinin və həcminin dəyişdirilməsi;
-Borcun bir hissəsinin mülkiyyətdə paya dəyəişdirilməsi
-Borcun bir hissəsinin silinməsi

"Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması QAYDALARI"-na əsasən, qeyri-işlək kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraftlardır.