Dünyanın bir çox ölkələrində kənd təsərrüfatı həm də yaxşı gəliri olan biznes növüdür. Azərbaycanda bu sahə inkişaf etsə də, müəyyən sahələrdə boşluqların olduğu bildirilir.
“Kommersant.az” mediapost-a istinadla xəbər verir ki. məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Nicat Nəsirli söyləyib ki, Azərbaycanda damazlıq heyvandarlıqda, südlükdə müəyyən çatışmazlıqlar var.
“Kənd təsərrüfatı sahələrində bizdə ideyalar bərbad vəziyyətdədir. Bu bazar boşdur. Ənənəvi olaraq hamı inək, qoyun, saxlayır”, - deyə kənd təsərrüfatı üzrə ekpsert Nicat Nəsirli bildirib.
Ekspert bildirib ki, Azərbaycan qoyun idxalını 50% artırıb, yerli fermerlər qoyunu xaricdən alıb gətirib örüş otlaqlarda saxlayıb kəsirlər: "Bu qədər primitivliklə bu sahə inkişaf etməyəcək. Mən təklif edirəm ki, qoyunçuluğu südlük istiqamətdə inkişaf etdirək. Qoyun südü onun ətindən qiymətlidir”.
Mütəxəssisin sözlərinə görə, kənd təsərrüfatı sahəsində ikinci ən yaxşı biznes sahəsi damazlıq heyvanların saxlanılmasıdır:
“Azərbaycanda damazlıq təsərrüfatlar məhv olur. Niyə damazlıq təsərrüftalar yaratmırlar, niyə hamıya qoyunun ətini kəsib yemək maraqlıdır. Bu gün Azərbaycanda damazlıq qoç min manatdan ucuz deyil”.
Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycanda vaxtı ilə 13 cins qoyun olub: "Bu cinslərdən 7-si südlük istiqamətdə olub. Hamı qoyunu kəsib satdığı üçün bu cinslər sıradan çıxıb. Yaxşı qoyun südü almaq üçün gərək o cinslər ola. Vaxtilə Azərbaycanda Qarabağı, Qaradolaxdı, Tatallar, Mazaxdı, Bozaxdı, Balbas südlük qoyun cinsləri olub".
Kənd təsərrüfatı üzrə mütəxəssisin sözlərinə görə, qoyun südü inək südündün dəfələrlə bahadır: "Hazırda ölkəmizdə xalis qoyun südü tapılmır. Olan qoyun südü də inək südü ilə qarışdırılıb qoyun südü adı ilə satılır. Hazırda inək südü 1 litri 3-4 manata təklif olunur. Həmçinin keçi südü də olduqca bahadır. Belə ki, 1 litr keçi südü 5-6 manatdır. Keçi pendirinin kiloqramı isə 25 manatdır. Qoyun südü ilə bağlı bizim üçün ən yaxşı nümunə Türkiyədir. Onlarda heyvandarlıq ixtisaslaşıb. Misal olaraq damazlıq təsərrüftaları var. Belə təsərrüfatlar sırf damazlıq heyvanlar satmaqla məşğuldurlar. Digər bir təsərrüfatlar isə sırf qoyun südünə işləyir. Türkiyənin özlərinin qoyun cinsləri var hansı ki, bu qoyunlar bol süd verirlər. Hazırda Azərbaycanda marketlərdə hamısı Türkiyə isehsalı olan süd və pendirlərdir”.
"Dəvəçilik və camışçılıq olduqca qiymətli sahələrdir. Amma ölkəmizdə bu sahələr sıradan çıxıb. Dəvənin südünün litri 50-60 manatdır. Faydalığına görə, ən az xeyir inək südündədir. Azərbaycanda da ancaq inək südçülüyü ilə məşğul olurlar.
Faydalılığına görə, at, camış, dəvə, keçi südü daha faydalıdır. Azərbaycanda camışçılıq südlük təsərrüfatı yeni yaradılıb. Bu təsərrüfat Ucarda yerləşir. Camış südü radiasiyaya məruz qalmır, makro-mikro vitaminlərlə zəngindir. Sümüyü bərkidir, xərçəng xəstəliyindən qoruyur. Keçi südü yeganə süddür ki, ana südünün tərkibinə yaxındır. Keçi südündən uşaqlar evində istifadə etmək olar”, - deyə Nicat Nəsirli bildirib.