Azərbaycanda işsizliklə bağlı mühüm proqram - İŞSİZLƏRİN NƏZƏRİNƏ

30.07.2019 İqtisadiyyat
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası”nı təsdiq edib.

“Kommersant.az” xəbər verir ki, qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hazırlanıb.

İşsiz necə qeydə alınacaq?

- 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində forması “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.

- Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

- MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir.

- İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.

- İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

Qaydalara görə, şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldəedilən məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

Fərdi məşğulluq vərəqində işaxtaran və işsiz şəxslə bağlı aşağıdakı məlumatlar yerləşdirilir:

- fərdi məlumatlar, o cümlədən:

- təhsili və peşəsi (ixtisası);

- məşğulluq tarixçəsi (olduğu təqdirdə);

- təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyəti.

Bəs onlara hansı işlər təklif olunacaq?

Qaydalara görə, qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir.

- İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Qanunun 6.1-ci, 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

- İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir.

- Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir.

- İşəgötürən Mərkəzin bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş electron imzası ilə təsdiqləyir.

- İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə, siyahısı “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında isə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda təsdiqlənir.

Yenisabah