USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

11 minə yaxın istismar müddətini itirmiş bina - Bakı və Abşeronu nə gözləyir?

03.03.2023 İqtisadiyyat
12 17
“Hazırda Bakı və Abşeron ərazində təqribi 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var. Bunlar Sovetlər dövründə tikilmiş 2, 3, 4, və 5 mərtəbəli binalardı”.

Kommersant.az xəbər verir ki, bunu Bakıdakı binaların istismar müddəti, baş verə biləcək hər hansı zəlzələyə qarşı binaların dayanaqlığından danışarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, çox sayda bina artıq aidiyyatı qurumlar tərəfindən qəzalı binalar kimi qeydə alınıb.

“Təbii ki, qəzalı kimi qeydə alınan binalar vətəndaş şikayəti əsasında aparılmış monitorinqin nəticəsində bəlli olur. Əgər minlərlə köhnə, çoxmənzilli bina arasında monitorinqlər aparılsa, o zaman qəzalı binaların sayı təbii ki, yüzlərlə və daha çox ola bilər”.

Ekspert qeyd edib ki, bu binaların yoxlanmasına səbəb həm də Türkiyədə baş vermiş zəlzələ olub:

“Yəni ümumən zəlzələ olmasa belə bütün köhnə binalarla bağlı monitorinqlər aparılmalıdır. Bu monitorinqləri ilk öncə yerli icra hakimiyyəti orqanları aparmalıdır. Daha sonra hansı binalarda şübhəli məqamlar hiss olunarsa, Fövqəladə Hallar Nazirliyinin aİdiyyatı üzrə şöbələri həmin binalarda yoxlanışlar aparıb rəy verməlidirlər. Bu rəyin nəticəsində həmin binada yaşayan vətəndaşlarda da bir əminlik olar ki, yaşadığı binalar zəlzələyə dözümlü və yaxud qəzalıdır”.

Elnur Fərzəliyev qeyd edib ki, Bakı şəhərində istismar müddətinin bitirmiş və qəzalı şəraitdə binaların söküntüsünə Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən başlanılıb. Bu günə qədər çox sayda köhnə çox mənzilli yaşayış binaları sökülüb və yeni tikilmiş binalar ilə əvəz olunub:

“Təbii ki, bir binanın sökülməsi, yenidən tikilməsi, təqribi iki-üç il arası vaxt aparır. Bu da çox uzun müddətdir. Və nəzərə almalıyıq ki, paytaxt ərazisində sökülməli olan yüzlərlə bina var. Və bu binaların sökülüb tikilməsi uzun illər vaxt ala bilər. Bu binaları tikən dövlət təşkilatları deyil, özəl tikinti şirkətləridir. Onlar da bu tikintiləri öz istədikləri kimi aparırlar. “Hansı binanın ərazisi genişdi, mənzil sayı azdı, harda daha çox qazana bilərlər kimi məsələləri müzakirə edirlər və həmin binaları sökməyə üstünlük verirlər”.

Ekspert qeyd edib ki, binaların sökülüb tikilməsini həmin MTK-nın öhdəsinə buraxsaq, təbii ki, bu çox uzun müddət vaxt aparacaq və hətta bu müddət ərzində bəzi qəzalı binalar zəlzələ olmadan uçub dağıla bilər:

“O baxımdan düşünürəm ki, mütləq şəkildə təcili monitorinqlər aparılmalı, hansı binalar daha qəzalı, dyaşayışa yararsızdısa onlar ilk öncə sökülməli, və digər binalarda da, müəyyən tikinti, bərkidilmə resterovsiya işləri aparılmalıdır ki, o binalar söküləcəyi müddətə qədər ayaqda qala bilsin".

Bəs həmin müddətə qədər hansı təhlükəsizlik tədbirəri görülə bilər sulaına ekpert cavab olaraq bildirib ki, əlavə dayaqlar və yaxud bünövrənin bərkidilmə işlər görülərsə, onların ömürləri bir müddətə qədər uzadıla bilər.

E. Fərzəliyev onu da əlavə edib ki, köhnə, istismar müdətini itirmiş binalar tam da qəzalı deyil:

“Xarici ölkələrin, Mərkəzi Avropanın mərkəz şəhərlərində 16-17-ci əsirlərdə tikilmiş binalar var ki, hələ də o binalarda insanlar yaşayırlar. Çünki o binalara vaxtında qulluq olunur, lazımi bərpa təmir işləri aparılır. İçəri şəhərin yaşı bəlli deyil. Amma hələ də o binalarda, o evlərdə yaşayırlar. Demək ki, əmlakları biz qorusaq, onun ömrünü uzada bilərik. Bu baxımdan bu işlərə təcili start verilməlidir. Çünki artıq zəlzələlər tək Türkiyədə deyil, bütün regionda baş verir. İlk olaraq İranda sonra Türkiyədə, Suriyada, Orta Asiya ölkələrində və Rusiyada. Bu artıq bizim ətrafımızda baş verən bir bəladır. Nəzərə almalıyıq ki, hər an hər yerdə ola bilər. Ölkə olaraq ona qədər hazır olmalıyıq. Ən azından qəzalı binalarımızı bərpa etməliyik ki, bunların söküləcəyi günə qədər ayaqda dursun”.

  • Əvvəlki

    ABŞ, Hindistan, Yaponiya və Avstraliya Çini tənqid edib

Digər xəbərlər