USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda lombardların fəaliyyətinə nəzarət necə həyata keçirilir?

16.06.2023 İqtisadiyyat
10 7
“Lombardlar istehlak kreditlərini daha tez rəsmiləşdirmək üçün bir kommersiya subyektidir və insanlar bundan daha rahat istifadə edə bilirlər”.

Kommersant.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında lombard fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

İqtisadçı qeyd edib ki, lombardlar bizdə uzunmüddətli fəaliyyət göstərsə də, yalnız lombardlar haqqında qanun 2019-cu ildə qəbul edilib:

“Ona qədər bu sahədə xeyli pərakəndəlik hökm sürürdü. Bu gün lombardların verdiyi kreditlər əsasən istehlak kreditlərinə yönəlib”.

Eyyub Kərimli bildirir ki, Azərbaycanda lombard fəaliyyəti həyata keçirən banklarda var:

Bəzi banklar var ki, lombard fəaliyyəti həyata keçirir və lombardların təqdim etdiyi faizlər bəzən bankların təqdim etdiyi faizlərdən daha çox olur. Lakin əlçatanlıq baxımından lombard kreditləri daha əlçatandır və operativdir. İnsanlar ora müəyyən zinət əşyalarını, artıq məişət əşyalarını telefon, noutbuk və avtomobil təqdim edərək kredit əldə edə bilirlər. Bu gün lombardların fəaliyyətində böyük rəqabətlilik var”.

İqtisadçı lombardlara həm də ehtiyac olduğunu düşünür:
“Çünki bəzi insanlar bankdan kredit götürə bilmirlər. Bəzi şəxslərin iş yerləri olmur və ya rəsmi gəlir yerləri olmadığından lombarddan istifadə edərək müəyyən ehtiyaclarını, problemlərinin həll edilməsi üçün, təcili şəkildə vəsait əldə edə bilirlər. Düzdür, bəzən bu qısamüddətli olur, lombardlar bəzən qısamüddətli məbləğlər təyin edə bilirlər və rəsmiləşdirmə daha tez həyata keçirilir”.

Eyyub Kərimli lombardların iqtisadiyyata hər hansı bir xeyir və ya zərəri olduğunu düşünmür:

“Lombardların bağlanması iqtisadiyyata elə bir əhəmiyyətli təsir göstərməyəcək. Sadəcə müəyyən istehlakçıların hansısa vəsaitə əlçatanlılığını daha da çətinləşdirəcək. Çünki bank prosedurları uzun çəkir, müəyyən araşdırma tələb edir və gəliri olmayan əhalinin, hansısa vəsaitə çıxışı məhdudlaşır. Onun üçün hesab edirəm ki, lambardların bağlanması bir o qədər də iqtisadi cəhətdən məqsədə uyğun olmaz”.

Bu sahədə olan mənfi hallardan da danışan iqtisadçı bildirib ki, lombardlarda faizlər həddən artıq çoxdur:
“Biz bəzən lombardların fəaliyyətində qanun pozuntularından şikayətlər də müşahidə edirik. İnsanların girovlarının gecikdirilməsi, hansısa formada hətta borca görə qoyduqları girovları gec əldə etməsi kimi problemlər yaranır”.

Bu sahənin vergiyə cəlb edilməsi haqqında danışan iqtisadçı qeyd edib ki, bu məsləyə Vergilər Nazirliyi nəzarət etməlidir:
“Vergidən yayınıb yayınmamaqları haqqında bir fikir söyləyə bilmərəm. Əgər vergidən yayınma varsa, Vergilər Nazirliyi diqqətlə nəzarət etməli və bu cür halların qarşısını almalıdır”

Ekspert qeyd edib ki, bu sahədə digər problemlərdən biri lombardlarda qoyulan girovların belə deyək, məhsulların çox aşağı qiymətləndirilməsi problemidir:

“Bəzən görürsünüz ki, 50 faiz, 70 faiz qiymətləndirilir. Problemlərdən biri də budur. Sözsüz ki, qeyd etdiyiniz kimi Mərkəzi Bank bu sahədə ciddi nəzarət tədbirləri də həyata keçirilməlidir. Bu, həm insanların hüquqlarının pozulması, insanlara qarşı dələduzluq olmaması üçün ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Banklardakı kimi orada işləyən şəxslərlə əmək müqaviləsi bağlanmalıdır. Əlbəttə ki, bu orada çalışan insanların hüquqlarını qorumuş olar”.
Həmsöhbətimiz əlavə edib ki, bu sahəyə Mərkəzi Bank tərəfindən ciddi nəzarət həyata keçirilməlidir:

“Mərkəzi Bank lombardları gələcəkdə maliyyələşdirərək faizlərin aşağı salınmasına nail ola bilsə bunun müsbət tərəfləri olacaq. Bu baxımdan hesab edirəm ki, lombardların fəaliyyətin sadəcə tənzimlənməyə və daha da keyfiyyətinin artırılmasına ehtiyac var, nəinki onların bağlanmasına, lombardların fəaliyyət davam etdirilməsi, həm də məşğulluğun və ya sahibkarlıq fəaliyyətinin inkişafına təkan verəcək”.