USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gürcüstana 471 milyon dollar həcmində mal və xidmət göndərilib" - TƏHLİL

30.10.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "SOCAR Energy Georgia" ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

"Kommersant.az" xəbər verir ki, memorandumda Gürcüstanda sosial-iqtisadi inkişafa kömək, yüksək dağlıq rayonlarda həyat səviyyəsini yaxşılaşdırmaq, turizmin inkişafına dəstək və digər sahələrin inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında prezident Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti E.Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlən­məsinə və regional əməkdaşlığın inkişafına təkan verdi.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında" Sazişin ABŞ Prezidenti B.Klintonun iştirakı ilə Türkiyə Prezidenti S.Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı "Trabzon razılaşması"nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.

2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

2008-ci il mart ayının 14-də BMT Baş məclisində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

ARDNŞ-in Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70%-i Azərbaycan qazı hesabına təmin edilir. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə də böyük maraq göstərirlər. Qeyd edək ki, gürcüstanlı iş adamları da Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.

Təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 milyard dollar investisiya yatırılıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb.

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrini şərh edən iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstana ən çox investisiya yönəldən ölkələrdən biridir:

"Azərbaycan və Gürcüstan strateji əməkdaşlığa malik ölkələrdir. Azərbaycan Gürcüstan üzərindən enerji məhsullarını dünya bazarına çıxarır. Nəticə etibarilə Azərbaycan Gürcüstanın gəlir əldə etməsinə töhvə verir. Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda ən böyük vergi ödəyicilərindən hesab olunur. İki ölkə arasında turizm sahəsində də ciddi əməkdaşlıq var. Azərbaycana gələn turistlərin içərisində Gürcüstandan olanlar ilk sıralardadır. Eyni zamanda son illər Gürcüstana turist kimi gedən azərbaycanlıların sayında da kəskin artım var".

İqtisadçının sözlərinə görə, növbəti dövrlərdə də Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlığın davam edəcəyi güman edilir:

"Xarici ticarət əlaqələrinə gəldikdə, Azərbaycan Gürcüstana 2017-ci il ərzində 471 milyon 349 min dollar həcmində mal və xidmətlər göndərib. Gürcüstanın isə Azərbaycana illik ixracı 74 milyon 148 min dollar həcmində olub. Azərbaycan Gürcüstana enerji məhsulları daxil olmaqla, bir sıra sənaye məhsulları da ixrac edir. Gürcüstandan isə daha çox ərzaq məhsulları, o cümlədən xırdabuynuzlu mal-qara idxal edilir.

Növbəti mərhələdə Azərbaycan investisiyası hesabına Gürcüstana daha çox sərmayənin qoyuluşu (xüsusilə real sektora) nəzərdə tutulub. Bu da iki ölkə arasında əməkdaşlığın orta və uzunmüddətli dövrdə yüksələn xətt üzrə davam edəcəyindən xəbər verir".