Nazirlik 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

06.08.2019 İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyi təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı təlimlərə başlayıb.

"Kommersant.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Qurumun Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi təlimlərdə 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edəcək.

9 gün keçiriləcək təlimlərə 200 nəfər mütəxəssis qatılacaq. "Təlimçilərin təlimi” kimi hazırlanan bu mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər.

"Təlimləri keçirməkdə əsas məqsədimiz fermerlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların subsidiyaların ödənilməsi üzrə yeni qaydalarla tam məlumatlılığını təmin etməkdir. Bizim hər bir əməkdaşımız yerlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün suallarını cavablandıra bilməlidir” – deyə AKİA-nın sədri Mirzə Əliyev deyib.

Ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini AKİA həyata keçirir.

  • Əvvəlki

    Bakıda və bölgələrdə 4 dövlət əmlakı özəlləşdirilib

Digər xəbərlər