Son illərdə Bakıda daşınmaz əmlak bazarında ciddi qiymət artımı müşahidə olunur. Xüsusilə, 2023 və 2024-cü illərdə yeni tikililərin və köhnə mənzillərin qiymətləri ciddi şəkildə yüksəlib. Bu artımın arxasında real iqtisadi əsaslar dayanır, yoxsa bazarda süni şəkildə yaradılmış bahalaşma müşahidə olunur?
Kommersant.az statistika komitəsinə istinadən xəbər verir ki, Bakı şəhərində mənzillərin orta satış qiyməti 2024-cü ilin sonuna 18-22% artıb. Ən böyük artım paytaxtın mərkəzi rayonlarında (Nərimanov, Yasamal, Səbail) və yeni prestijli yaşayış komplekslərində qeydə alınıb.
Qiymət Artımının Mümkün Səbəbləri
Tələb-Təklif Uyğunsuzluğu – Azərbaycanda iqtisadi prodensiallıq pozulub. Buna görə də Bakı şəhəri sürətli köç alır. Paytaxtda əhalinin artımı və urbanizasiya sürəti fonunda mənzilə olan tələbat artır, amma yeni tikililərin təhvili bu tələbi tam qarşılamır.
İnflyasiya və Tikinti Xərcləri – Son iki ildə inşaat materiallarının qiymətində (sement, armatur, daş və s.) ciddi artım müşahidə olunub. Bu, tikinti şirkətlərini satış qiymətlərini yüksəltməyə məcbur edir.
Süni Şişirtmə – Ekspertlər bazarda bəzi iri şirkətlərin və vasitəçilərin qiymətləri manipulyasiya etməyə çalışdığını da istisna etmirlər. Bu cür süni artım "həqiqi bazar dəyəri" ilə real satış qiymətləri arasında fərq yaradır.
İkili Mənzərə: Satıcılar Qazanır, Alıcılar İmtina Edir
Bazarda qiymət artımı ən çox satıcıların və inşaat şirkətlərinin maraqlarına xidmət edir. Amma orta gəlirli və ya gənc ailələr üçün mənzil almaq daha da çətinləşir. Bir çox hallarda alıcılar bazardan çəkilir və ya kreditlə daha uzunmüddətli borclanmağa məcbur qalırlar.
Süni Bahalaşma Əlamətləri:
Eyni binada yerləşən, oxşar mənzillər arasında kəskin qiymət fərqləri və ya eyni ərazidə yerləşən eyni tipli binalar arasında kəskin qiymət fərqləri
Vasitəçilər vasitəsilə süni tələbat yaradılması
Satış elanlarında "şişirdilmiş" rəqəmlərlə real müqavilə qiymətləri arasında fərq
İqtisadçılar hesab edir ki, bazarda qismən real artım olsa da, qiymətlərin müəyyən hissəsi psixoloji və süni faktorlardan qaynaqlanır. Dəyər və qiymət arasında fərq getdikcə artır. Bu da gələcəkdə bazarın "soyuması" və qiymət düzəlişi riskini artırır.