USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Payız-qış mövsümündə təbii qaza olan gündəlik tələbat 35-38 milyon kubmetrdir” - “Azəriqaz”

24.10.2019 İqtisadiyyat
0 0
Qış mövsümü yaxınlaşır və əhalinin təbii qaza tələbatı artır. Bəs, əhalinin təbii qazla fasiləsiz, dayanıqlı təminatı üçün hansı işlər görülür? Payız-qış mövsümünə hazırlıq, ümumilikdə ölkədə qazlaşdırma ilə bağlı görülən işlərlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"un suallarını cavablandırıb.

- "Azəriqaz" İB-də payız-qış mövsümünə hazırlıqla bağlı hansı işlər aparılır?

- "Azəriqaz" İstehsalat Birliyi bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində işləri uğurla davam etdirir.

Belə ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhəri, paytaxt ətrafı ərazilərin istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub. 2019-cu ilin 9 ayında Respublika ərazisində 487 km-dən çox qaz kəmərləri əsaslı təmir edilib, yaşayış ərazilərinin qazlaşdırılması ilə bağlı 1 376 km-dən çox müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib.

- Hazırda Azərbaycanda təbii qaza olan gündəlik daxili tələbat nə qədərdir?

- Hazırda "Azəriqaz" İB-nin təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr civarındadır.

- Hazırda ölkə üzrə qazlaşdırma hansı səviyyədədir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi Azərbaycanda qazlaşma səviyyəsi 96%-ə yaxınlaşır. Müqayisə üçün qeyd olunmalıdır ki, 2009-cu ilin sonunda ölkədə qazlaşma səviyyəsi 62,2% təşkil edirdi. Qazlaşma işləri ölkəmizdə sırf sosial layihə kimi həyata keçirilir və bu məqsədlə dövlət büdcəsindən müvafiq proqramların icrasına vəsait ayrılır. Yəni, qaz çəkilişləri digər ölkələrdən fərqli olaraq Azərbaycanda investisiya xarakteri daşımır, dövlətimizin sosial siyasətinin tərkib hissəsi olmaqla birbaşa vətəndaşın rifah halının yaxşılaşdırılmasına istiqamətlənib.

- İlin sonuna ölkə üzrə qazlaşdırmanın hansı səviyyədə olması planlaşdırılır? Hazırda neçə kənd və qəsəbədə qaz çəkilişi həyata keçirilir?

- 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 44-nə təbii qaz verilib, beşində hazırda qazlaşma işləri davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Həmçinin Dövlət Proqramı çərçivəsində Bakı şəhərində 4 minə yaxın fərdi evi əhatə etməklə 22 yeni yaşayış massivinin qazlaşdırılması işləri də həyata keçirilir.

- Son illər qazla təmin olunan abonentlərin (əhali və qeyri-əhali qrupları üzrə) sayı nə qədərdir?

- 2019-cu ilin oktyabr ayının 1-nə olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə yanvar-sentyabr ayları ərzində 65 min 124 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 1 oktyabr tarixinə təbii qazla təmin olunan abonentlərin ümumi sayı ölkə üzrə 2 mln. 246 min 968-ə bərabərdir. Bu rəqəmin 2 mln. 215 min 900-ü əhali, 31 min 068-i qeyri-əhali sektoruna aiddir.

- Hazırda neçə rayon və şəhərdə qazlaşdırma səviyyəsi 100%-dir?

- "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi genişmiqyaslı layihələr ilə 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100%-ə çatıb. Lakin bu nisbi bir rəqəmdir. Çünki hər bir rayon və kəndin əhalisi artır, yeni yaşayış massivləri yaranır. Əhali artdıqca 100% qazlaşma anlayışında dəyişiklik ola bilər. Misal göstərmək olar, Biləsuvar rayonu statistikada 100% qazlaşdırılmış rayon kimi qeyd edilir, bir neçə il öncə qazla təmin edilən Xırmandalı kəndinin yeni yaşayış massivi yarandı və daha 286 fərdi yaşayış evi ötən ay qazlaşdırıldı. Bundan başqa, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub.

- Şəbəkədəki qaz itkilərinin aradan qaldırılması üçün hansı tədbirlər görülür? Hazırda itkilər hansı miqdardadır?

- Qaz itkilərinin minimuma endirilməsi məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin daxili imkanları hesabına qaz təchizatı şəbəkəsində geniş miqyaslı əsaslı təmir və yenidənqurma işləri aparılır, istismar müddəti bitmiş qaz avadanlıqları və qurğuları yenisi ilə əvəz olunur, qaz xətlərinin kipliyə yoxlanılması tədbirləri həyata keçirilir, dövlət yoxlaması bitmiş və nasaz vəziyyətdə olan qaz sayğacları yenisi ilə əvəz olunur, həyətlərdən keçən qaz xətləri çölə çıxarılaraq yenidən qurulur. Bu tədbirlər müntəzəm xarakter daşıyır. Qeyd etməliyik ki, bir hissəsi ötən əsrin 70-ci illərində qurulan şəbəkənin tamamilə yenilənməsi böyük vəsait və vaxt tələb edir. Ona görə də bu işlər Azərbyacan Dövlətinin sosial siyasətinin tərkib hissəsi olaraq tədricən icra olunur və şəbəkə yenilənir. Məsələn, son 10 ildə 53 min km-dən çox yeni qaz xətti çəkilib, 11 min km-ə yaxın qaz xətti əsaslı təmir olunub. Əsas hədəfimiz qaz itkilərinin səviyyəsinin birrəqəmli olmasıdır.

- "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə borc məsələsi hər il gündəmə gəlir. İctimaiyyət üçün də bu məsələ maraqlıdır. Bu il vəziyyət necədir?

- "Azəristiliktəchizat"ASC ilə bu il iyulun 26-da imzalanan razılaşma protokolunda iyulun 1-i tarixinə təbii qazdan istifadəyə görə "Azəriqaz" İB-yə olan borc qalığı 33 mln. 525 min 480 manat göstərilib. Oktyabr ayının 1-nə istifadə edilən qaza görə debitor borc isə 28 mln. 913 min 497 manat təşkil edir. Bu ilin 9 ayı üçün hesablanan borc 21 mln.429 min 129 manatdır. Bu günə qədər borc öhdəlikləri 19,11% yerinə yetirilib.

  • Əvvəlki

    Yaxın aylarda TAP kəmərinin qazla doldurulmasına başlanacaq

Digər xəbərlər