USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

179 milyon manatlıq layihə paslanmış boru ilə çəkilib - FOTO

19.03.2026 Tender
0 0
Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisi aparılır. Tikintinin 28 km olduğu və 2028-ci ildə yekunlaşacağı planlaşdırılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) layihənin icrasını “Ensol” MMC şirkətinə həvalə edib. Layihənin ümumi dəyəri isə 179 milyon manat təşkil edir. Bəli, nə az, nə çox. Tam olaraq 179 milyon manat. Bu pul dövlətin büdcəsindən çıxır. Yəni, bu pul sənin, mənim, 10 milyonluq xalqın puludur. Tikintiyə heç bir etirazımız yoxdur. Əslilndə bu qədər böyük vəsaitin ayılmasına da etiraz etmirik. Amma görülən işlərin reklam olunduğu kimi olmaması insanı narahat edir.

Kommersant.az xəbər verir ki, ADSEA layihənin tikintisindən reklam xarakterli videorolik paylaşıb. Paylaşımda hər şey necə də gözəl, qaydasında və təmiz görünür. Amma reallıqda bir balaca başqa məqamlar da var.

28 kilometrlik kanalizasiya borularının çəkilişində xüsusi örtüklü borulardan istifadə edilir. Bu borular tırlarla tikinti sahəsinə danışır və yerində qaynaq işləri görülərək boruların çəkilməsi prosesi gedir. Bura qədər hər şey normaldır. Amma məsələ burasıdır ki, əraziyə daşınan boruların arasında heç bir xüsusi örtüyü olmayan, paslanmış borular da daşınıb və artıq bir qismi də istifadə olunub. İstifadə olunan borular arasında qiymət fərqi olduğu aşkardır. 179 milyon manatlıq müqavilədə paslanmış boruların qeyd olunduğunu da düşünmürük. Buna istinadən deyə bilərik ki, istifadə olunan materialların keyfiyyəti, saxlanma şəraiti və ya quraşdırma mərhələsində texniki standartlara uyğunluğu şübhə altındadır. Bu tip infrastruktur layihələrində boruların korroziyaya qarşı xüsusi örtüklə qorunması vacibdir. Əks halda, uzunmüddətli istismar zamanı nasazlıqların yaranması və əlavə xərclərin ortaya çıxması riski artır.

Eyni zamanda sözügedən ərazidə texniki binalar da tikilir. Hansı ki, eyni qaydalar bu binalar üçün də keçərlidir. Binanın tikintisində istifadə olunan armaturlar paslanıb və buna baxmayaraq yenə də istifadə olunub.