Finlandiya məktəbləri karantindən sonra

18.05.2020 İqtisadiyyat
Finlandiya şəhərlərinin ibtidai və orta məktəb şagirdləri yenidən tədris prosesinə qayıdıblar. Ölkənin Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə koronavirusa yoluxma riskinin azaldılmasına xidmət edən təhlükəsizlik tədbirlərini həyata keçirib.

Bəs, karantin ləğv edildikdən sonra məktəblərin həyatında nə dəyişib?⠀

- Pandemiya səbəbindən təhsildən kənarda qalanların heç də hamısı məktəbə qayıtmayıb. Paytaxt regionunda, məsələn, şagirdlərin təxminən 8% - i evdə qalmaq və distant təhsili davam etdirmək hüququndan yararlanmağa meyillidir.

- Tədris prosesinə geri dönən təhsilalanlar virusun yayılmasının qarşısının alınması zərurəti ilə qarşılaşıblar. Hər bir məktəbdə profilaktika tədbirləri fərqlidir: bəzi məktəblərdə şagirdlər əlcəklər geyinir, başqa bir yerdə dərsin əvvəlində və sonunda əllərini yuyurlar. Bəzi məktəblərdə müstəqil olaraq qapıları açmaq və binada təkbaşına hərəkət etmək qadağan edilib.⠀

- Bütün məktəblərdə dərslərarası fasilələrin vaxtı və təmiz havada gəzintilərin müddəti uzadılıb. İbtidai siniflərdə isə dərslər tamamilə açıq havada keçirilir.

- Hər hansı bir fiziki əlaqə, qucaqlaşma, əlsıxma qadağandır. Həm də uşaqlar ayrı-ayrılıqda otururlar. Hətta yeməkxanada nahar edən şagirdlər 2 nəfərlik masalara yerləşdirilir. Siniflərin əksəriyyətində yeməkləri müəllimlər özləri gətirirlər və uşaqlar dərs öyrəndikləri yerdə yeməklərini yeyirlər.

Qeyd edək ki, məktəblərin açılması COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətləri aradan qaldırmaq üçün tədbirlərin birincisidir. İyunun 1-dən kitabxanalar, muzeylər, hovuzlar və digər ictimai yerlərin açılması nəzərdə tutulub. Hazırda Finlandiyada 6347 xəstə və gündə, təxminən 60-70 yoluxma faktı var. Hökumət iki həftədən bir infeksiyaya yoluxma dinamikasını izləyərək tədricən digər məhdudiyyətləri də aradan qaldıracaq.

©Azedu.az