USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici ölkələrdən Azərbaycana köçürülən pullar - Bu maliyyə bazarına necə təsir göstərəcək?

22.05.2023 İqtisadiyyat
24 5
“Artımın müxtəlif ölkələr üzrə dəqiq rəqəmlərlə ifadəsi olsa idi, səbəblər haqqında daha rahat fikir bildirmək mümkün olar. Amma son zamanlar Rusiyada problemlərin və orada soydaşlarımızın olduğunu nəzər alsaq, Rusiyadan kapitalın çıxışının da sürətləndiyi də başqa ölkələrin timsalında görünür”.

Kommersant.az-a bunu iqtisadçı Natiq Cəfərli bu ilin ilk 4 ayının I rübündə xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcmindəki artım haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, ola bilər ki, orada yaşayan soydaşlarımız öz aktivlərinin bir qismini Azərbaycana yenidən köçürməyə başlayıblar:

“Çünki Rusiyanın sankisyalara tuş gəlməsi, orda biznes fəaliyyəti ilə bağlı ciddi məhdudiyyətlərin olması və s. buna səbəbdir.

Rusiya banklarına qoyulan sanksiyalara görə, onların verdiyi VISA və MASTERCARD -ları beynəlxalq kart şəbəkələrində çalışmır. Öz lokal kartları var ki, ölkə daxili və bir neçə qonşu ölkədə fəaliyyət göstərir. Ona görə də bəzən soydaşlarımız bu problemlərini həll etmək üçün yəqin ki, bu vəsaitin bir qismini Azərbaycan köçürüb buradakı banklarında hesab açaraq, kart əldə edib və dünyanın bir çox ölkələrində və onlayn alış-verişdə istifadə edirlər”.

Natiq Cəfərlinin sözlərinə görə Azərbaycanda son bir ildə bank kartlarının sayında da ciddi artımın olması da bunu təsdiq edir:

“Bu Mərkəzi Bankın açıqladığı rəsmi açıqlamada da göstərilib. Bu da bu dediyimizi təsdiqləyir ki, Rusiyada yaşayan soydaşlarımız Azərbyacan banklarına köçürmələr edərək öz pul vəsaitlərini bu bankların da kartlarını əldə edirlər”.

“Ölkəyə daxil olan pul kütləsinin artımı Azərbaycan iqtisadiyyatına və maliyyə bazarına necə təsir edəcək” sualına cavab olaraq iqtisadçı bildirib ki, pul kütləsinin həcmi hələlik o qədər də böyük deyil ki, maliyyə sabitliyinə və yaxud da maliyyə dayanıqlılığına ciddi təsir göstərsin:

“Bu tendensiyanın hansı sürətlə davam edib, etməyəcəyindən asılı olacaq. Əgər tendensiyanın sürəti artar və həcmlər yüksələrsə, istənilən halda Azərbaycan valyutaya olan tələbatı yenidən artıra bilər. Çünki onlar bəzi hallarda pulu rublla köçürə bilirlər. Rublla köçürdükləri pulu burada yenidən xarici valyutaya çevirirlər ki, öz hesablarında yerləşdirsinlər. Bu zaman Azərbaycan daxilindəki valyutaya tələbin də artdığının da şahidi ola bilərik. Amma hələlik makroiqtisadi göstəricilərə yüksək səviyyədə təsir göstərəcək rəqəmlər deyil”.

Bu məbləğin miqdarını da açıqlayan həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda ümumi pul bazasının həcmi təqribən 22-23 milyard manat, təqribən 15 milyarda yaxın vəsaitdir. Bunun heç olmasa 10 faizinə yaxın rəqəm olmalıdır ki, müəyyən göstəricilərdə öz əksini tapsın:

“Hələlik bu rəqəm o göstəricilərə yaxın deyil”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı açıqladığı “Pul siyasəti icmalı”nda, bu ilin ilk 4 ayın I rübündə xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcminin 442,1 milyon ABŞ dollarına bərabər olduğu göstərilib. Bu da onu göstərir ki, pul köçürmələrində bu il ərzində ən azı iki dəfə, yəni 84,2 faiz artım baş verib.